“Hər iki dövlətin mövqelərinin üst-üstə düşməsi bir reallıqdır” Siyasət

“Hər iki dövlətin mövqelərinin üst-üstə düşməsi bir reallıqdır”

"Qardaş ölkən prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi Türkiyə-Azərbaycan münasibətlərinin digər ölkələr üçün nümunə olduğunu göstərir". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olması və hər iki dövlətin mövqelərinin üst-üstə düşməsi bir reallıqdır. Politoloqun sözlərinə görə, iki qardaş ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər dövlətlər arasında əlaqələrin inkişafına çox böyük təkan verir: "Biz çox mürəkkəb geosiyasi vəziyyətdə yaşayır, inkişaf edirik. Qərblə Şərq arasında münasibətlərin, geosiyasi qarşıdurmaların fonunda Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafına, təkmilləşməsinə bundan sonra bir çox məsələlərlə bağlı layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu, həm Türkiyə, həm Azərbaycanın maraqlarına tam şəkildə cavab verir, həm də regionda stabillik, təhlükəsizlik məsələlərin təmin olunması üçün əhəmiyyətlidir". Türkiyənin prezident seçkilərindən sonra yeni üsul idarəsinə keçdiyini xatırladan politoloq söyləyib ki, yeni idarəçilik sistemi qardaş ölkədə dövlət başçısının fəaliyyətinin daha da genişlənməsinə imkan yaradacaq: "Müəyyən təhlükələrlə üzləşən ölkənin güclü hakimiyyəti olmalıdır. Güclü hökumətin yaranmasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük rolu var. O artıq bir çox məsələlərdə birmənalı şəkildə öz mövqeyini nümayiş etdirir. Bu baxımdan Türkiyənin prezident üsul idarəsinə keçidi Azərbaycanla münasibətlərin daha geniş, dərin və hərtərəfli inkişafına şərait yaradacaq".