“Ermənistanın arzuladığı ssenari baş tutmadı” Siyasət

“Ermənistanın arzuladığı ssenari baş tutmadı”

"Frankofoniyanın XVII beynəlxalq sammiti İrəvanda keçirildi. Fransa, Livan, bəzi Afrika ölkələrinin, Estoniyanın prezidentləri, Kanadanın və digər bəzi dövlətlərin baş nazirləri, o cümlədən xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak etdi. XVII beynəlxalq Frankofoniya sammiti "Birlikdə yaşayaq" devizi ilə keçirildi. Sammitdə hər şey əvvəlcədən təşkilatçıların hazırladığı plan üzrə reallaşdı. Xırda-para qüsurlar elə də təsirli olmadı".
Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Frankofoniyada Ermənistanın əsas məqsədi özünü Azərbaycana bərabər göstərmək idi: "Ermənistanda da Azərbaycanda olduğu kimi iri miqyaslı beynəlxalq forumlar keçirilir. Azərbaycanda beynəlxalq forumlar ənənə halındadır. Bakı dünyanın problemlərini həll edən mərkəzə çevrilib. Ermənistanın bir tədbirlə buna nail olması mümkün deyil. Ermənistanın arzuladığı ssenari baş tutmadı və buna görə də Frankofoniya sammitindən Ermənistanın gözləntiləri alınmadı. Bunun bir neçə səbəbləri var. Əvvəla Sammiti Ermənistanın xarici işlər naziri E.Nalbandyan Yerevana gətirmişdi. E.Nalbandyanın Fransada səfir işləməsini nəzərə alsaq, o, bu istiqamətdə bacarıqlı idi. Yalan danışmaqda, aldatmaqda E.Nalbandyanın xüsusi istedadı var idi. Ona görə E.Nalbandyanın qarşısına qoyduğu effekti yeni hökumət rəsmiləri ala bilməzdi. Digər tərəfdən Ermənistanda siyasi xaos da öz təsirini göstərdi. Sammitə 2-3 gün qalmış xarici ölkə səfirləri Frankofoniyanın keçirilmə ehtimalı barədə narahatlıq bildirdilər. Bundan başqa, Frankofoniya sammitinin tərkib hissəsi olaraq iqtisadi forum keçirildi. İqtisadi forumda Ermənistan üçün faydalı ola biləcək heç bir təklif səslənmədi. Ermənistan tərəfi də belə ideya da ortalığa qoya bilmədi".
"Frankofoniyanın əsas devizi olan "Birlikdə yaşayaq" şüarı Ermənistan üçün bütün prizmalardan yaddır", - deyən politoloq əlavə edib ki, Ermənistanın bütün qonşularına ərazi iddiası var: "Frankofoniyadan təxminən 1 ay öncə Yerevanda metro stansiyalarının girişində asılan xəritələr bunun əyani misalıdır. Başqa sözlə, Ermənistan qonşuları ilə birlikdə yaşamağa hazır deyil. SSRİ dağıldıqdan sonra Ermənistan, hətta rusları da öz ölkəsindən qovaraq monoetnik və monokonfensional dövlətə çevrildi. "Birlikdə yaşayaq" şüarı Ermənistanın daxilinə də tətbiq oluna bilmir. Ermənilər tarixən onlara sığınacaq vermiş azərbaycanlılara qarşı da "Birlikdə yaşayaq" şüarının ziddinə münasibətin müəllifidir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal etdilər. Xocalı soyqırımı və işğal olunmuş ərazilərdən azərbaycanlıların deportasiyasını törətdilər. Ermənistan rəhbərliyi "ermənilərlə azərbaycanlıların birgə yaşayışının qeyri-mümkünlüyü" barədə irqçi seqreqativ və faşist nəzəriyyəsinin müəllifidirlər. Bu da "Birlikdə yaşayaq" devizi ilə daban-dabana ziddir".
M.Əhmədoğlu qeyd edib ki, Frankofoniya sammitinin sənədləri Ermənistan mətbuatında təbliğ olunmadı: "Yalnız ümumi məlumat yayıldı. Gürcü mətbuatına istinadən münaqişələrin beynəlxalq hüquq normaları əsasında və dinc yolla tənzimlənməsinə dair maddələr var. Həm Dağlıq Qarabağ, həm də "erməni soyqırımının" tanınması mövzusunda Ermənistan istədiyinə nail ola bilmədiyi üçün bu sənədlərə etinasızlıq nümayiş etdirir. Bu, xüsusən Dağlıq Qarabağ mövzusunda Ermənistanın yalanlarının yerimədiyinin etirafı kimi də qəbul edilə bilər. Fransa prezidenti Emmanuel Makron Ermənistana səfərini ciddi korreksiya etdi. Sammitdə iştirakdan əvvəl Ermənistana rəsmi dövlət səfəri etməli olan E.Makron səfərin rəsmi statusundan imtina etdi, sammitdə iştirakla kifayətləndi. Bu addıma N.Paşinyanın siyasətindən narazılıq kimi baxırıq. Çox güman ki, E.Makron ABŞ-ın da mövqeyini bildiyi üçün belə addım atdı. Son vaxtlar Avropa liderləri içərisində ABŞ-la ən intensiv əlaqədə olanı E.Makrondur. E.Makron Ermənistanın yeni tarix yaratdığını etiraf etsə də, N.Paşinyan barədə fikirlərini açıqlamadı. Jurnalistin sualını cavabsız qoydu".