Aksiyaçılar qadınlardan istifadə edib... - Novruzov Siyasət

Aksiyaçılar qadınlardan istifadə edib... - Novruzov

Azərbaycanda qanunsuz aksiyaları keçirməkdə əsas məqsəd ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətməkdir.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsi, ölkədə sabitliyin, əmin-amanlığın olması müxalifəti, o cümlədən Ermənistanı və onlara havadarlıq edən dövlətləri narahat edir:
“Onlar da bunları qızışdırıb ortaya salmaqla Azərbaycanın müsbət imici üzərinə kölgə salmaq istəyirlər. Paralelliyə baxın, ABŞ Konqresinin Nümayəndələr Palatasında eyni zamanda “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olundu. Yəni, bunların hamısı bir mərkəzdən idarə olunur və həmin mərkəzin tapşırıqlarına xidmət göstərilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür və bu separatçılara, millətini satanlara heç bir dəstək verilmir”.
S. Novruzov xatırladıb ki, bir neçə gün öncə Bakıda 120 dövlətin iştirakı ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib: “Qeyd edim ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Amma hesab edirəm ki, bir neçə dövlət var ki, Azərbaycana qarşı öz mövqeyini ortaya qoya bilmir. Radikal müxalifət də onların əli ilə bu cür addımlar atır. Hesab edirəm ki, radikal müxalifət bu cür addımları ilə beynəlxalq dəstək qazana bilmir”.
YAP funksioneri qeyd edib ki, Azərbaycan gəncləri də radikal müxalifətin heç bir addımını dəstəkləmir: “Onlar məcburi köçkünlərdən, gənclərdən, son vaxtlar isə qadınlardan istifadə etməyə çalışırlar, 1990-cı illərin təfəkküründən istifadə etməyə cəhd göstərirlər. İstəyirlər ki, qadınları qabağa verərək arxasında gizlənsinlər. Bu, faktiki görünən məsələdir. "28 May" metrosunun qarşısında Dağlıq Qarabağ verilmir. Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda, BMT, ATƏT-də və ya cəbhədə həll olunur”.
Komitə sədri qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin Azərbaycan xalqının adından danışmağa mənəvi və hüquqi haqqının olmadığını deyib:
“Onlar Azərbaycan xalqını təmsil etmirlər, sadəcə, Milli Şura adlanan bir dərnəyin təmsilçiləridir. Ora isə digər partiyaların tör-töküntüləri yığışıb. Onlara öz partiyalarında və ya digər partiyalarda yer verməyiblər. İçərisində hətta elələri var ki, 10 partiya dəyişib. Onlar özlərindən başqa heç kəsi təmsil etmirlər. Hesab edirəm ki, onların xalqın adından danışmağa heç bir hüququ yoxdur”.
S. Novruzov bildirib ki, ölkədə gedən genişmiqyaslı kadr, sosial-iqtisadi və s. islahatlar fonunda müxalif qüvvələrin islahat tələbləri ilə ardıcıl icazəsiz aksiyalar keçirməsi məntiqsizlikdir: “Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il seçkilərdə qələbə qazandıqdan sonra ilk olaraq şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərman imzaladı. Bu ilin əvvəlində isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Həmçinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər, fərdi evlər inşa edilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, bu il ərzində minimum pensiya və əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlər var. Yeni iş yerləri, sənaye müəssisələri açılır. Bu gün Azərbaycanda hərtərəfli inkişaf var. Təbii ki, bu da bizi istəməyən qüvvələri narahat edir. Bu baxımdan da onlar indiyə qədər hansı məsələləri qaldırıb, bəlli deyil. Azərbaycan dövlətinin proqramı var və bütün işlər ona əsasən həyata keçirilir”.
YAP funksioneri qeyd edib ki, müxalifət siyasi həyatdan kam kənardır: “Siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək, kadrların hazırlanması, alternativ layihələrin təqdim olunmasıdır. Bu gün onlar iqtisadiyyata, siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair bir layihə hazırlayıb ortaya qoyublarmı? Xeyr. Onların əsaslandırılmamış sözdən başqa heç nəyi yoxdur. Ortaya heç nə qoya bilmirlər. Artıq sürücülərini, cangüdənlərini partiyanın rəhbər strukturlarına seçirlər ki, bunları dəstəkləsinlər. Çünki hamı bunlara görə partiyanın sıralarını tərk edib. Bu il ölkəmizdə bələdiyyə seçkiləri də keçiriləcək. Onların heç biri bu seçkilərdə iştirak etməyəcək. Çünki onların namizədləri və elektoratları yoxdur. hamısı artıq tarixin qaranlıq arxivindədirlər. Hesab edirəm ki, Azərbaycanda yeni müxalifətə ehtiyac var. Ölkədə olan müxalifət partiyalarında da islahatlar olmalıdır”.