“Xocalıya ədalət” kampaniyası davam edir Siyasət

“Xocalıya ədalət” kampaniyası davam edir

Dünyanın ayrı-ayrı ölkələrində soyqırımla bağlı tədbirlər keçirilir

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar dünyanın ayrı-ayrı ölkələrində tədbirlər davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır.

Londonda Xocalı mitinqi

Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda mitinq keçirilib.
ASAIF-dən verilən məlumata görə, bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı çoxsaylı insan iştirak ediblər.
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar ediblər, "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz sülh istəyirik", "Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndiriblər.
Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanıb.
Aksiyanın gənc fəalları Azər Əsgərov, Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikrilərini KİV nümayəndələri ilə bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanıb. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.

İzmirdə soyqırımı qurbanları anılıb

Türkiyənin İzmir şəhərində də Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunub. Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dostluq və Qardaşlıq Dərnəyi tərəfindən təşkil olunub.
Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova bildirib ki, xaricdə fəaliyyət göstərən 100-dən çox Azərbaycan nümayəndəliyi Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirir: "Lakin Azərbaycan-Türkiyə qardaşlığını nəzərə alaraq, Türkiyədə bu tədbirlər xüsusi əhəmiyyət daşıyır və bütün fevral ayı ərzində keçirilir".
Nəcibə Nəsibova "Dünya Hocalıyı anlatıyor" adlı xüsusi yaradıcılıq layihə-müsabiqəsində iştirak edən 29 ölkədən 53 tələbə və məktəbliyə minnətdarlığını bildirib.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva çıxışında qeyd edib ki, soyqırım dünya birliyinin Azərbaycan ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğalına göz yumması üzündən baş verib. O, soyqırım günahkarlarının layiqli cəza alması və belə faciələrin təkrarlanmaması üçün "Xocalıya ədalət" təşəbbüsü çərçivəsində səyləri birləşdirməyə çağırıb.
Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb. Onlar arasında Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Monqolustan, Qvineya, Əfqanıstan və digər ölkələrdən təhsil alanlar da olub.
Qeyd edək ki, ilk dəfə bu tədbirdə Xocalı soyqırımı haqqında qumda əllə rəsm çəkmək yolu ilə hazırlanmış film-hekayənin təqdimatı olub. Tədbirdə İzmirdə təhsil alan müxtəlif ölkələrdən tələbə kollektivləri, cəmiyyətlər və şəhər administrasiyasının nümayəndələri iştirak və çıxış ediblər.

İstanbul da Xocalını andı

Türkiyənin İstanbul şəhərində də Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi tədbirdə çıxış edən dərnək başqanı Səfər Qaraqoyunlu bu faciənin dünyada soyqırım kimi tanınması üçün bütün qüvvələri səfərbər etməyə çağırıb.
Daha sonra çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov "Xocalı həftəsi" çərçivəsində Türkiyənin müxtəlif bölgələrində 50-yə qədər tədbir keçirilməsinin planlaşdırıldığını bildirdi.
MHP İstanbul millət vəkili Atilla Kaya isə Xocalı soyqırımının baş vermə səbəblərindən danışıb.
CHP İstanbul millət vəkili Ali Özgündüz isə çıxışında Xocalı soyqırmını "XX əsrin Kərbəlası" adlandırıb. Millət vəkili Ermənistanın apardığı etnik təmizləmə siyasəti barədə də geniş məlumat verib.
Azərbaycandan dəvət olunmuş deputat Elman Məmmədov həm də Xocalı soyqırımının şahidi və yaxınlarını bu faciədə itirmiş şəxs kimi çıxış edib. Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmində olduğunu vurğulayan deputat bu soyqırımın dünyada tanınması üçün Türk Birliyinin dəstəyinin də önəmli şərt olduğunu qeyd edib.
Tədbirdə TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Xocalı soyqırımının bütövlükdə Türk millətinə qarşı həyata keçirildiyini bildirib. O, bu soyqırım aktına görə Ermənistanla yanaşı, Rusiyanı da qınayıb və bu gün rus şovinizminin əsarəti altında inləyən tatar və başqırdların, Sibirdə yaşayan türklərin də bu zülmdən qurtulacağına inandığını bildirib.

Təl-Əvivdə "Xocalıya ədalət!"

Təl-Əvivdəki "Şimon Peres Dünya Mərkəzi"ndə Xocalı faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə başlanmış "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş mərasim keçirilib.
Kampaniya çərçivəsində "İsrail-Azərbaycan" Beynəlxalq
Assosiasiyası ("Azİz") Heydər Əliyev Fondunun dəstəyi ilə İsrailin 10 şəhərində Xocalı faciəsini özündə əks etdirən fotosərgi təşkil olunub. Fotosərginin açılış mərasimi bir il əvvəl Təl-Əviv Universitetinin Diaspor Muzeyində olub. Sonradan həmin fotolar Afula, Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv, Rehovat, Aşkelon, Akko və Loda şəhərlərində nümayiş etdirilib.
Bütün sərgilərdə onun keçirildiyi şəhərlərin rəhbərliyi, ictimai təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak edib, sərgi yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb. Dağ Yəhudiləri Regional İctimai Xeyriyyə Fondunun dəstəyi ilə disk şəklində videofilm və sərgidən bəhs edən kitabça da buraxılıb.

Nürnberqdə yürüş-mitinq

Azərbaycan diaspor təşkilatları Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan aksiya 2 saat davam edib.
Aksiyada Azərbaycan diasporunun fəal üzvlərində biri Yeganə Məmmədzadə alman dilində ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım haqqında məlumat verib. Daha sonra Azərbaycan və Türk icmalarının nümayəndələri çıxış edərək Avropanı 20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocallı soyqırımına, eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıb.
Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsinin əks etdirən foto və məlumatlar olan broşürlər paylanıb, onlara soyqırım haqqında məlumatlar verilib.
Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək "Xocalıya ədalət!", "Qarabağa Azadlıq!" "Avropa, Qarabağın işğalına susma!" kimi şüarlar səsləndiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Odlar Yurdu Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı baş tutan aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri olub.

Amsterdamda Xocalı konfransı

Niderlandın paytaxtı Amsterdam şəhərində isə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anım konfransı keçirilib. Konfransa çoxmillətli Amsterdam şəhərinin, holland, türk, türkmən, ərəb və azərbaycanlı icmalarının nümayəndələri dəvət edilib.
Demokratik Azərbaycan Hərəkatının media departamentinin verdiyi məlumata görə, tədbirin əsas təşkilatçıları Hollanda Türk Gençlik Kuruluşları Federasyonu, Avropadakı İraq Türkmən Cəbhəsi və azərbaycanlı mühacirlərin təsisçisi olduğu Demokratik Azərbaycan Hərəkatı olub. Konfransda Niderlandda fəaliyyət göstərən aparıcı partiyaların (PvdA, VVD, CDA, SP, D66) Amsterdam şəhəri üzrə təmsilçiləri və millət vəkilliyinə namizədləri də iştirak ediblər. Nederlandın çoxmillətli bir dövlətə çevrildiyini deyən partiya təmsilçiləri qeyd ediblər ki, hər bir toplum barış içində yaşadığı problemləri Nederland və Avropa cəmiyyətinə çatdıra bilərlər. Onlar Qarabağ savaşından təəssüfləndiklərini bildirərək Xocaklı soyqrımının insanlığa qarşı cinayət olduğunu da qeyd ediblər.
İraq Türkmən Cəbhəsinin rəhbəri Əşrəf bəy Qarabağın işğalının və Xocalı soyqırımının bütün türk dilli xalqların faciəsini olduğunu qeyd edərək toplantı iştirakçılarını sayğı duruşuna çağırıb. Bir dəqiqəlik sayğı duruşundan sonra Əşrəf bəy qeyd edib ki, Azərbaycandan gəlmiş insanlar aktiv olmalı, məhz onların dilindən dünyaya Azərbaycan həqiqətləri çatdırılmalıdır.

TURQUT