Nazir: “Ermənistana silah verilməsi münaqişənin dinc yolla nizamlanmasına zərbə vurur, Azərbaycanın təhlükəsizliyinə təhdid törədir” Siyasət

Nazir: “Ermənistana silah verilməsi münaqişənin dinc yolla nizamlanmasına zərbə vurur, Azərbaycanın təhlükəsizliyinə təhdid törədir”

“Rusiyadan Ermənistana hərbi yüklərin çatdırılması barədə məlumatlar, xüsusilə Azərbaycanla dövlət sərhədində Tovuz istiqamətində erməni təcavüzünün aktivləşməsi fonunda Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratdı”.

Bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

Nazir bildirib ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon söhbətində iki prezident arasında mövcud olan strateji tərəfdaşlıq, etmadlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb.

“Ermənistan rəhbərliyinin aqressiv ritorikası fonunda və hərbi provokasiyalarının intensivliyinin artdığı bir vaxtda erməni tərəfinə silah çatdırılması gərginliyin eskalasiyası riski yaradır, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbə vurur və bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdid törədir”, - deyə C. Bayramov vurğulayıb.