“Azərbaycanın səbrinin son həddədir” Siyasət

“Azərbaycanın səbrinin son həddədir”

Arye Qut: "Ermənistan vertolyotunun məhvi Azərbaycanın suverenliyini qorumaq üçün güc tətbiqinə hazırlığını sübut edir"

ABŞ-ın yəhudi qəzeti "Forum Daily" beynəlxalq münasibətlər sahəsində İsrail eksperti, Cənubi Qafqaz üzrə mütəxəssis Arye Qutla müsahibə təqdim edib.
SalamNews xəbər verir ki, A.Qut son vaxtlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan yüksək səviyyəli danışıqların intensivləşdiyini bildirib: "Təəssüf ki, Ermənistan tərəfi qoşunların təmas xəttində çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növlərinin cəlbi ilə hərbi təlimlər keçirməklə Azərbaycanla sülh prosesini məhv etmək istəyini nümayiş etdirib".
Ekspertin sözlərinə əsasən, noyabrın 12-də Ermənistanın Hərbi-Hava Qüvvələrinə məxsus iki ədəd "Mi-24" vertolyotu cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ön müdafiə xəttində yerləşən mövqelərinə hücum təşkil edərək onları atəşə tutub və gizlənməyə cəhd göstərib: "Ermənistan vertolyotlarından biri cavab atəşi ilə vurulub. Digəri isə atəş zonasını tərk edib. Tamamilə aydındır ki, kriminal Serj Sarkisyan rejimi dünya təcrübəsində mövcud bütün normalara zidd hərəkət nümayiş etdirməkdə davam edir. Rejim danışıqlar prosesini pozmaq məqsədilə növbəti təxribat törətməyə çalışıb".
Rəsmi Bakı Ermənistanla münaqişədə hazırkı status-kvo ilə heç vaxt razılaşmayacağını xeyli əvvəl bəyan edib.
Azərbaycan sərhədini pozduğu üçün vurulan Ermənistan vertolyotu ilə bağlı son hadisələr rəsmi İrəvanın Azərbaycanın səbrinin son həddə olduğunu anlamalı olduğunu bir daha göstərir. Bu hadisə Azərbaycanın suverenliyini qorumaq üçün güc tətbiqinə hazır olduğunu sübut edir".