“3 il ərzində bu qanun 3 dəfə dəyişilib” Siyasət

“3 il ərzində bu qanun 3 dəfə dəyişilib”

Qüdrət Həsənquliyev: “Qanuna dəyişiklik etməklə işin düzələcəyini düşünmürəm və buna görə də Ələt azad iqtisadi zonasında işləri sürətləndirmək lazımdır”

Ələt azad iqtisadi zonası ilə bağlı qanun 2018-ci ildə qəbul edilib. 2019-cu ildə buna əlavə və dəyişiklik etmişik. 2020-ci ildə bir dəfə də əlavə və dəyişiklik etmişik. Bu artıq 3-cü əlavə və dəyişiklikdir”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” Qanuna dəyişiklik edilməsinin müzakirəsi zamanı səsləndirib. Millət vəkili bildirib ki, hələ də orda daş-daş üstünə qoyulmayıb, amma 3 il ərzində bu qanun 3 dəfə dəyişilib: “Qanuna dəyişiklik etməklə işin düzələcəyini düşünmürəm və buna görə də orada işləri sürətləndirmək lazımdır. Bəzi hallarda islahatlar aparmaq, işlər görmək üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunmalıdır. Hamıya bəllidir ki, Dubayı ingilislər idarə edir. Biz Ələt azad iqtisadi zonasının işə başlaması üçün işləri sürətləndirməliyik. Hökumətdən xahiş edək ki, lazımdırsa, Valeh Ələsgərova bu istiqamətdə yardım etsinlər. Mətbuatdan oxudum ki, İran Ərdəbil azad iqtisadi zonasının yaradılması haqqında qərar qəbul edib. Yaxın vaxtlarda artıq bunun işə başlayacağı gözlənilir. Amma Azərbaycanda bu işlər çox uzanır. Ölkədə iqtisadi islahatların sürətləndirilməsinə, iqtisdiyyatımızın gücləndirilməsinə böyük ehtiyac var. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişilinin fəaliyyətini yüksək qiymətləndirirəm, onun böyük potensialı var. Tahir müəllimdən xahiş edə bilərik ki, şəxsən özü də bu işlə maraqlansın. Onun çıxışından belə başa düşdüm ki, gələn ilin iyulunda burada qapılar insanların üzünə açılacaq. Bu məsələ bu qədər niyə uzadılır?”.

Əli Zülfüqaroğlu