Revanşizmin acı məğlubiyyəti Siyasət

Revanşizmin acı məğlubiyyəti

Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri Nikol Paşinyanın qələbəsindən daha çox, revanşçı qüvvələrin, müharibə caniləri Robert Köçəryan, Serj Sarkisyan və onlarla eyni qaniçən təfəkkürü bölüşənlərin məğlubiyyətidir. Ermənistan seçicisi iki qütb arasında seçim etmək məcburiyyətindəydi... Ya revanşçıları, ölkəni yenidən müharibəyə və daha acınacaqlı məğlubiyyətə sürükləyənləri seçməli, ya da Nikol Paşinyanla regionda yaranan yeni reallıqların diqtə etdiyi şərtlərə uyğun olaraq, yoluna davam etməliydi. Seçki hakim partiya da daxil olmaqla, bütün proses iştirakçılarının əl atdığı çoxsaylı qanun pozuntularıyla müşaiyət olunsa da, yekun nəticə, Ermənistan vətəndaşlarının 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul etdiyini, erməni xalqını məhvə aparanlara yenidən meydan vermək niyyətində olmadıqlarını, revanşçı bəyanatlardan, ultramillətçi şüarlardan yorulduğunu sübuta yetirdi.
Ermənistanıdakı növbədənkənar seçkiləri də, onun nəticələrini də Azərbaycan müəyyənləşdirdi. Baxmayaraq ki, revanşçı qüvvələr xaricdən hərtərəfli dəstək alırdılar, Rusiya telekanalları onların təbliğatını Ermənistan mediasından, hətta tərəfdarlarından da çox aparırdı, amma bütün bunlar separatçı-terrorçu ünsürlərə kömək etmədi və onlar elə öz təbliğatlarında da boğuldular.
Əgər Köçəryan-Sarkisyan cütlüyü parlament seçkilərində üstünlük qazansaydı, şübhəsiz ki, bu ilk bövbədə Ermənistanın daha böyük faciələrlə üz-üzə qalmasına, təcridin, siyasi və iqtisadi böhranın daha da dərinləşəcəyinə zəmin yaradacaqdı. Bu məsələdə Azərbaycanın mövqeyi xeyli öncədən ortaya qoyulmuşdu.
Prezident İlham Əliyev “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” deyəndə, artıq onların siyasi taleyini də həll etmişdi və erməni xalqına başa salmışdı ki, müharibə canilərinin dəstəklənməsi, Ermənistan adlı bir ölkənin de-fakto mövcudluğunun üzərindən xətt çəkə bilər.
Dövlət başçısının uzun illərdən bəri Azərbaycanın güclü bir dövlətə, regionun iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsi, ölkəmizin müstəqil maliyyə imkanlarının, hərbi potensialının artırılması, beynəlxalq nüfuzunu yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın qələbəsini təmin etdiyi kimi, 44 günlük Vətən savaşının doğurduğu nəticələr, həm müharibə dövründə, həm də daha sonra həm diplomatik müstəvidə, həm də informasiya sahəsində atılan genişmiqyaslı addımlar Ermənistanda keçirilən parlament seçkilərində müharibə cinayətkarlarının, revanşçı qüvvələrin siyasi məhvi ilə nəticələndi.
“Qarabağ klanı” artıq Ermənistanda heç kimə lazım deyil. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi klanı Qarabağsız, Qarabağı klansız qoydu və Ermənistanı müharibə canilərinin girovluğundan xilas etdi, revanşizmin acı məğlubiyyətinə zəmin yaratdı.
Növbədənkənar parlament seçkiləri, həm də Ermənistandakı siyasi sistemin ayrı-ayrı qütblərin arasında parçalandığını bir daha göz önünə sərgilədi. Revanşçılar, müharibə caniləri bütün qüvvələrini və maliyyə resurslarını səfərbər etsələr də, müxtəlif formatlı görüşlər, sifarişli “dəvətetmələr” və kənardan idarə olunan total təşviqat kampaniyaları ilə dəstəklənsələr də, acınacaqlı məğlubiyyətə düçar oldular. Seçki, həm də Qərbin qələbəsi ilə nəticələndi... və bəlli oldu ki, revanşçı siyasət üzərindən bəsit, ikrah doğuran texnologiyalarla aparılan təbliğatın artıq heç bir effekti və dəyəri qalmayıb. Bütün bunların Ermənistana nə vəd etdiyini deyə bilmərəm. Çünki son nəticədə ermənilər, sadəcə revanşizmə “yox” deyiblər. Bunun Nikol Paşinyan üçün “hə” anlamına gəlməsinin əsas səbəbi isə, başqa alternativin olmamasındadır.
Azərbaycan yolu da, niyyəti də aydındır. Şuşada imzalanan bəyannamədə Yol Xəritəsinin bütün elementlərini görmək olar. Hətta bu günün baxış bucağından Ermənistan vətəndaşlarının da bu xəritədən nəticə çıxardıqları qənaətindəyəm.
Regionda formalaşmış yeni geosiyasi reallıq olduğu kimi qalır və bundan sonra daha da güclənəcək. Bu reallıqdan bəhrələnmək Ermənistanın yeganə çıxış yoludur. Əks təqdirdə mövcud DALAN da DAR gələcək və bu reallığa qarşı gedənləri həmişəlik süpürəcək.

Elçin Mirzəbəyli