Əla fürsət var, paytaxtı Qarabağa köçürək – Millət vəkili Siyasət
Axar.az millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, işğaldan azad olunmuş ərazilərdə böyük miqyasda infrastruktur layihələri həyata keçirilir. Necə düşünürsünüz, imkanlı qaçqınlar öz evlərinin bərpasına və quruculuq işlərinə cəlb olunacaqmı? Siz dəfələrlə hökuməti buna çağırmısınız...
- Hər bir vətəndaşımız quruculuq işlərini sevinc və könül rahatlığı ilə izləyir, ev-eşiyindən didərgin salınmış soydaşlarımız doğma yurdlarına dönəcəyi günü səbirsizliklə gözləyir. İmkanlı qaçqınlara evlərinin layihələri təqdim oluna bilər ki, gedib evlərini bərpa etsinlər. Bəzilərinə maddi kömək edilər, imkansızların evlərini isə sözsüz ki, dövlət tikməlidir. İnsanların qısa müddətdə evlərinə dönməsini istəyiriksə, buna gedilməlidir. Amma qaçqın iş adamlarına deyilsə ki, pul verin, biz məmurlar sizə ev tikək, çətin ki, bu təşəbbüsə qoşulan olsun. Bundan başqa biz özümüz, təklif gözləmədən, bərpa işlərinə kömək üçün beynəlxalq birliyə müraciət etməliyik. Bu müraciətlər həm də paralel olaraq erməni vəhşiliyini növbəti dəfə dünya xalqlarının diqqətinə çatdırılması xarakteri daşımalıdır.
Bir məsələni də ictimai müzakirəyə təqdim etmək istəyirəm. Uzun illərdir paytaxtın Bakıdan kənara köçürülməsi barədə təkliflər səsləndirilir. Amma bu çox bahalı layihə olduğundan ictimai dəstək qazanmayıb. Biz yeni ağıllı şəhərlər tikib Qarabağı cənnəyə çevirmək istəyiriksə, niyə həmin şəhərlərdən birini paytaxt elan etməyək? Niyə paytaxt cənnətdə olmasın? Dünya liderləri də rəsmi səfərə tozlu, küləkli Bakıya yox, cənnətə gəlsin. Bakıda neftə görə məskunlaşma sürətlə gedib, şəhər inkişaf edib. İqlim və coğrafi yerləşməsinə görə, təhlükəsizliyin təmin olunması baxımından Abşeron yarımadası paytaxt üçün uyğun ərazi deyil, həm də çox yüklənib. Bu barədə mütəxəssislər də öz sözünü deməlidir.
- Hazırda ən çox müzakirə olunan mövzulardan biri jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə və müharibə əlillərinə, qazilərə verilməsidir. Sizin mövqenizi də bilmək istərdik?
- Jurnalistlər üçün tikilmiş evi qeyd etdiyiniz şəxslərə verməklə onların problemlərini həll etmək mümkün olmayacaq. Həm də məsələnin mənəvi tərəfi də var, onlar ehtiyac üzündən həmin evləri qəbul etsələr də, daxillərində həmişə bir narahatlıq qalacaq. Hazırda 51 milyard dollara qədər valyuta ehtiyatımız var. Dövlət Neft Fondundan evə ehtiyacı olan qeyd etdiyiniz şəxslərə mənzil almaları üçün vəsait ayrılmalıdır. Bu, həm də tikinti sektorunun inkişafına təkan verər, neqativ halların qarşısını alar. Yoxsa jurnalistlərin bir qisminə mənzil verib və neçə illərdi həsrətlə mənzil gözləyən digərlərini bundan məhrum etmək ədalətli olmaz. Bu məsələ ilə əlaqədar müxtəlif təkliflər səsləndirilir. İnsanların fikir azadlığına və fikir müxtəlifliyinə hörmətlə yanaşmaq lazımdır. Müzakirələr də etika çərçivəsində aparılmalıdır. Amma mənim fikrimcə, belə bir qərarın qəbul olunması yanlış olardı.