Ermənistan danışıqları əngəlləmək taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir - Nazir Siyasət

Ermənistan danışıqları əngəlləmək taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir - Nazir

Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır.

Onun sözlərinə görə, 10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatından sonra Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar: "Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.

Kommunikasiyaların açılışı məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı. Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir”.