ABŞ-dakı “Demokratiya naminə sammit” demokratiya ilə əlaqəsi olmayan faydasız dialoqdur - TƏHLİL Siyasət

ABŞ-dakı “Demokratiya naminə sammit” demokratiya ilə əlaqəsi olmayan faydasız dialoqdur - TƏHLİL

Dekabrın 9-10-da ABŞ-da 109 ölkənin dəvət olunduğu “Demokratiya naminə sammit” keçiriləcək. Dəvət olunanların siyahısına nəzər salarkən onların hansı meyarlar əsasında seçilməsi barədə sual yaranır. Siyahıya Türkiyə və digər türkdilli dövlətlər, müsəlman ölkələrinin əksəriyyəti, eləcə də Çin və Rusiya daxil deyil. ABŞ-ın özü ilə rəqabət aparan qlobal və regional gücləri “Demokratiya naminə sammit”ə dəvət etməməsi faktı demokratiya amilini öz siyasi hədəfləri üçün istifadə etməsinin təsdiqidir. Eyni zamanda, dəvətə layiq bir sıra ölkələr tədbirdən kənarda qalıb, oraya tez-tez antidemokratik hadisələrlə adı hallanan bəzi dövlətlər dəvət olunub.

Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki, sammitə Rusiya, Çin, Azərbaycan və bir sıra digər ölkələrin dəvət olunmaması onu göstərir ki, bu ölkələrin başında daxili işlərə digər qüvvələrin müdaxiləsinə imkan verməyən güclü liderlər dayanır.

İ.Korotçenko deyib ki, “Demokratiya naminə sammit”, digər sözlə demokratiya adını daşıyan sammit ABŞ-ın himayəsində keçirilən anti-Rusiya tədbiridir.

O qeyd edib ki, post-sovet ölkələrindən oraya demokratik normaların əməl olunmadığı, əksinə əzildiyi ölkələr dəvət olunub.

“Bunun bariz nümunəsi oraya Ermənistanın dəvət olunmasıdır. Ermənistanda demokratiyaya gəldikdə, ötən il biz Yerevanda o zaman dövlətin üçüncü şəxsi olan spiker Ararat Mirzoyanın kütlə tərəfindən linç olunmasını müşahidə etdik. Görünür, demokratiyanın bu standartları Ermənistanı sammitdə iştiraka dəvət etməyə imkan verir”, - deyə ekspert bildirib.

Bir müddət əvvəlki hadisələrdən danışan İ.Korotçenko, həmçinin Ermənistan parlamentində deputatların tez-tez baş verən davalarını, bir-birilərinə butulka atmalarını və əlbəyaxa olmalarını xatırladıb.

“Baş nazirinin Müdafiə Nazirliyinin bunkerində gizləndiyi ölkəni bu cür sammitə necə dəvət etmək olar? Amma dəvət edirlər… Çünki ABŞ-ın ən böyük səfirliyi Yerevandadır, məhz Yerevanda Dövlət Departamentinin və çoxsaylı ABŞ fondlarının maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatları fəaliyyət göstərir. Paşinyan və onun komandası Sorosun nümayəndələridir. Ona görə də burada təəccüblü heç nə yoxdur. Bu, bir sıra dövlətlərə böhtan atmaqla öz satellitərində eyni problemləri görməzdən gələn Vaşinqtonun həyasızlığının göstəricisidir”, - İ.Korotçenko deyib.

O qeyd edib ki, ABŞ açıq şəkildə dünyanı “özününkülər”ə və “özgələr”ə bölüb.

“Özününkülər Vaşinqtonun hər göstərişini yerinə yetirməyə hazır olan əlaltılardır. Əlbəttə, bütün baş verənlər fonunda Ermənistanın davranışı daha çox təəccübləndirir. Çünki bu ölkə KTMT-nin üzvüdür, Rusiya ilə müttəfiqlik münasibətlərinə malikdir. Bu şəraitdə Ermənistan faktiki olaraq anti-Rusiya tədbirində iştirak edir. Hesab edirəm ki, Rusiya XİN də, Kreml də Paşinyanın bu cür addımını bundan sonrakı rəylərdə və qiymətləndirmədə nəzərə alacaqlar”, - deyə İ.Korotçenko fikrini yekunlaşdırıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza hesab edir ki, ABŞ-da “Demokratiya naminə sammit”in keçirilməsi yaxşı fikir deyil, çünki bunun üçün ABŞ hökumətinin hansı demokratiyanın yaxşı, hansı demokratiyanın isə pis olmasına qərar verməlidir.

“Bundan başqa, ABŞ-da demokratiyanın qarşısında dayanan təhdidlər, ilk növbədə yanvarın 8-də Kapitolidəki iğtişaşları nəzərə alaraq qeyd etmək olar ki, ABŞ artıq demokratiyanın lideri kimi böyük nüfuza sahib deyil. Faktiki olaraq iki siyasi partiyadan biri iddia edir ki, son seçkilər Donald Trampdan oğurlanıb, amma aydındır ki, bu, belə deyil. ABŞ-ın öz demokratik sistemində ciddi çağırışlarla üzləşdiyi vaxtda ölkənin demokratiya sahəsində dünya lideri olması barədə fikirlərə inanmaq çətindir”, - deyə o bildirib.

Sabiq səfir qeyd edib ki, “Demokratiya naminə sammit”ə dəvət olunanların siyahısına nəzər salarkən, aydın olur ki, siyahı ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından tərtib olunub. Ən çox bu məqam gözə çarpır: siyahıdakı ölkələrin əksəriyyəti Rusiya və Çin kimi nəhənglərə qarşı mübarizədə istifadə oluna biləcək ölkələrdir. Bu, onu bildirir ki, ABŞ öz yeni strategiyasını müəyyənləşdirmək üçün dövlətlər arasında bu cür fərqlər nümayiş etdirir və onları ədalətsiz olaraq iki düşərgəyə bölür. Ümumilikdə, bu cür forumlar vasitəsilə ölkələri “yaxşı”lara və “pis”lərə bölmək, ayrıseçkilik yolu ilə siyasi hədəflərə çatmaq qəbulolunmazdır. Həm də virtual sammitdə müzakirələr real dialoq deyil və ölkələrin qarşısında dayanan sosial-iqtisadi problemlərin həllinə təsir göstərməyəcək.