İranda daha iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb Güney Azərbaycan

İranda daha iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb

İran həbsxanasında daha iki azərbaycanlı siyasi məhbus müddətsiz aclıq aksiyasına başlayıb.
AZOH-un verdiyi məlumata görə, onlar aprelin 17-də Tehranın Evin həbsxanasında siyasi məhbuslara qarşı zorakılığa etiraz olaraq aclıq aksiyasına başlamış 66 nəfərə dəstək məqsədilə bu addımı atıblar.
Azərbaycanlı siyasi məhbuslar təzyiq və zorakılığın dayandırılmasını, həbsxana rəhbərliyinin onlardan üzr istəməsini, döyüldükdən sonra zindanın 240-ci korpusuna və təkadamlıq kameralara köçürülən məhkumların geri qaytarılmasını tələb edirlər. Bundan əvvəl tanınmış azərbaycanlı jurnalist Səid Mətinpur və həyat yoldaşı Ətiyyə Tahiri ərinə dəstək məqsədilə aclıq aksiyasına başlayıblar.
Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında toqquşma baş verib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və "Sepah"ın kəşfiyyat orqanının əməkdaşlarının əsasən siyasi məhbusların saxlanıldığı Evin həbsxanasının 350-ci bəndində axtarış aparmaq istəsələr də, məhbuslar buna mane olmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Yüzdən çox məhbus döyülüb və müxtəlif bədən xəsarətləri alıb.
32 siyasi məhbus yaralı vəziyyətdə həbsxananın 240-cı bölümünün təkadamlıq kameralarına salınıb. Ad və soyadları bəlli olan məhbusların bir çoxunun vəziyyətinin ağır olduğu vurğulanır. Onların arasında üç azərbaycanlı siyasi məhbus da var. Belə ki, doktor Əsədullah Əsədinin ağır yaralandığı, musiqiçi İsmayıl Bərzigərinin qabırğalarının sındığı, jurnalist Səid Mətinpurun isə rezin dəyənəklə döyüldüyü bildirilir. Artıq İ.Bərzigəri Tehranın Evin həbsxanasının 350-ci bəndinə geri qaytarılıb.
Xatırladaq ki, Ə.Əsədi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2010-cu il iyulun 12-də həbs edilib. O, Təbriz İnqilab Məhkəməsi tərəfindən düşmən ölkələrlə əlaqədə günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. Ə.Əsədi həbsdə saxlanıldığı müddətdə ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb.
Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ.Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.
S. Mətinpur isə 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində 8 il müddətinə azadlıqdan məhrum edilib. S. Mətinpur əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.