İran maddi yardım istəyəcək Dünya

İran  maddi yardım istəyəcək

Şimal-Cənub nəqliyyat dəhlizində işlərin sürətləndirilməsi üçün

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi İran üçün çox önəmlidir və bu layihənin tezləşməsi İranın Yol və Şəhərsalma Nazirliyinin gündəmindədir.
Bunu Qəzvin şəhərinin meri Məsud Nüsrəti deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda "İpək Yolu"nun keçdiyi İran şəhər rəhbərlərinin iclası keçiriləcək: "İclasda Şimal-Cənub dəhlizi müzakirə olunacaq. İpək Yolu Qurucuları Şurası Birlik Fondu və Bankından bu dəhlizdə işlərin tezləşdirilməsi üçün yardım alınması məsələsi gündəmdə olacaq və bu yardımı almağa çalışacağıq".
O bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi "İpək Yolu"nun hədəf proqramlarından biridir.

"İranda Qəzvin İpək Yolu proqramlarının mərkəzi kimi seçilib, həmçinin Qəzvin İpək Yolu Qurucuları Şurası Birlik Fondunda İranın nümayəndəsidir. Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi bizim üçün çox önəmlidir. Bu layihə bir çox ölkələri bir-birinə birləşdirir. İran dəmir yolu Azərbaycan və Rusiya dəmir yoluna birləşir", - deyə o əlavə edib.
M. Nüsrəti xatırladıb ki, İpək Yolu Qurucuları Şurası Birliyi Çin tərəfindən təsis olunub: "Bu Birliyin mərkəzi də Çində yerləşir. Birliyə İpək Yolu üzərində yerləşən 11 ölkə üzvdür. Birlik Şimal-Cənub dəhlizinə önəm verir və əminik ki, İranın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə dair işlərin tezləşdirilməsinə yardım təklifi birlik tərəfindən qəbul olunacaq".