Kürdlər Menbiç uğrunda Türkiyə ordusu ilə döyüşə hazırlaşır Dünya

Kürdlər Menbiç uğrunda Türkiyə ordusu ilə döyüşə hazırlaşır

Cavid

Türkiyənin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus qəsəbəsini və ətraf kəndləri nəzarət altına alan Azad Suriya Ordusu hazırda PYD kürd qruplaşmasının nəzarətində olan Menbiç şəhərini tutmağa hazırlaşdığını bildirib. Azad Suriya Ordusuna daxil olan Sultan Murat Batalyonunun komandiri, polkovnik Ahmed Osman Menbiçin İŞİD-dən azad edilməsi əməliyyatında iştirak edən YPG kürd qruplaşması (PYD-nin hərbi qanadı) yaraqlılarının hələ şəhəri tərk etmədiyini, əksinə, mövqelərini gücləndirdiyini deyib. Onun sözlərinə görə, Azad Suriya Ordusu bir neçə gün ərzində Menbiçi kürdlərdən geri almağa hazırlaşır.
Bu xəbərdarlıqdan sonra YPG-nin Menbiçə əlavə silah və canlı qüvvə cəmləşdirdiyi məlum olub. "Reuters"in xəbərinə görə avqustun 28-dən başlayaraq Menbiçə doğru silah və canlı qüvvə ilə dolu TIR-ların hərəkəti müşahidə edilir. Hazırda şəhərdə 3 minə yaxın YPG silahlısı var. Onlar müttəfiqləri ABŞ-ın tələblərinə və Türkiyənin xəbərdarlıqlarına baxmayaraq Menbiçi tərk etməyiblər.
Xəbərlərə görə Menbiçdəki YPG silahlıları Demokratik Suriya Qüvvələri koalisiyasının şevronlarını taxmağa başlayıb və bununla da Türkiyəni aldadaraq bölgədə qalmağa çalışır. Lakin Türkiyə tərəfi xəbərdarlıq edib ki, YPG birləşmələri Fərat çayının şərq sahilinə keçməsə silah gücüylə bölgədən çıxarılacaq. Ötən iki gün ərzində Türkiyə ordusu YPG-nin mövqelərinə havadan və qurudan zərbələr endirib. Onlarla kürd yaraqlısının öldüyü xəbər verilir.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Recep Tayyip Erdogan Qaziantep şəhərində çıxışı zamanı deyib ki, Türkiyə ordusu Suriyanın şimalında kürd YPG döyüşçüləri ilə İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı göstərdiyi qətiyyətlə savaşacaq. Erdogan bildirib ki, "terrorçu təşkilatlara qarşı əməliyyatlar sonadək davam edəcək". Ötən həftə Qaziantepdə kürdlərin toy məclisinə hücum olub, 50-dən çox adam öldürülüb.
Bu arada Türkiyə ordusu və müttəfiqi, Sultan Murad adlı üsyançı qruplaşması Suriyanın şimalında kürdlərin nəzarətində olan Manbic şəhərinə doğru irəliləməkdədir. Avqustun 23-dən Türkiyə Suriyanın şimalındakı İŞİD yaraqlılarına qarşı hərbi əməliyyatlar başladıb. Türkiyə eyni zamanda ABŞ-ın dəstəklədiyi Suriya kürdləriylə də savaşır. YPG Manbici İŞİD-dən avqustun əvvəlində alıb. ABŞ hərbi təyyarələri də qruplaşmaya kömək etmişdi.
İndi həm Ankara, həm də ABŞ Suriya kürdlərindən tələb edir ki, Suriyanın şimalından Fərat çayının qərbinədək bütün ərazini boşaltsınlar. Jurnalistlərin avqustun 29-da bildirdiyinə görə, YPG döyüşçüləri Manbicdəki mövqelərini gücləndirir, Türkiyə və üsyançı dəstələri isə şəhərə doğru irəliləməkdədir. Türkiyə Suriya sərhədi boyunca YPG qruplaşmasının möhkəmlənməsini əngəlləməyə çalışır.