Merkel Berlini itirir Dünya

Merkel Berlini itirir

"The Guardian" yazır ki, Almaniyanın paytaxtı Berlinin tarixində ilk dəfə ona solların üçtərəfli koalisiyası rəhbərlik edə bilər. Hələlik bəlli olan budur ki, Almaniya kansleri Angela Merkelin sağ-mərkəzçi Xristian-Demokrat Partiyası (CDU) paytaxtda keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayıb. "The Guardian" yazır ki, ilkin nəticələr mərkəz-solçu Sosial Demokratların (SPD) 24 faizlə irəlidə olduğunu göstərib. Merkelin CDU partiyası 18 faizlə ikinci yerdədir. Yaşıllar və solçu Die Linke hərəyə 16 faizlə üçüncülük uğrunda mübarizə aparır.
Lakin təhlilçilərin fikrincə, özünün əsas nailiyyətini antimühacirət, millətçi Alternative für Deutschland (Almaniya üçün Alternativ) partiyası qazanıb. Partiya proqnozlaşdırılan 11, 8 faizlə tarixdə ilk dəfə olaraq Berlin məclisində təmsil olunacaq. Bundan bir neçə gün əvvəl Berlin meri Michael Müller xəbərdarlıq etmişdi ki, AfD-nin on faizi keçən uğuru kənardan ifrat sağçıların və nasistlərin qayıdışı kimi görünəcək. "Berlin başqa qədim şəhərlərə bənzəmir", - yazıb Müller özünün Facebook səhifəsində: "Berlin özünü Hitlerin nasist Almaniyasının paytaxtı olmaqdan azadlığın, dözümlülüyün, fərqliliyin və sosial birgə yaşayışın sütununa çevrilib".
2,48 milyon insanın iştirak etdiyi bu seçkidən az əvvəl Müller işarə etmişdi ki, o şəhərin solçu və sağçılardan ibarət "böyük koalisiya" ilə idarə olunmasını istəmir və əvəzində Yaşıllar Partiyası ilə koalisiyaya üstünlük verir. Lakin belə bir koalisiya üçüncü partiyanın da müttəfiqliyini tələb edir. Belə bir müttəfiq olaraq seçkidə 6, 5 faiz səs toplayacağı gözlənilən liberal Azad Demokratları görürlər.
Bir vaxtlar keçmiş mer Klaus Wowereitin "yoxsul amma işvəli" adlandırdığı Berlində son zamanlar işsizlik 10 faizdən də aşağı düşmüş və şəhərlilərin gəlirləri xeyli artmışdı. Lakin əhalinin ildə 40 min nəfər artması şəhər bürokratiyasının qol-qanad açmasına səbəb olmuş və ucqar məhəllələrin törəməsi təhlükəsini yaratmışdı.
Maraqlıdır ki, Berlinin şərqində və qərbində aparılmış rəy sorğularında adamlar əsas problem olaraq qaçqın böhranından da əvvəl sosial ədaləti, yerli iqtisadiyyatı və təhsil sistemindəki böhranı göstəriblər. Seçki kampaniyası dövründə şəhərdə kirayə haqlarının artması müşahidə edilirdi. Avropanın əksər paytaxtlarından fərqli olaraq, Berlin Münhen və Hamburqla müqayisədə daha böyük dotasiya alır.
Şəhər merinin partiyası olan sosial-demokratlar son 15 ildə populyarlıqlarını bir xeyli itiriblər. Keçmiş mer və keçmiş kansler Willy Brandtın vaxtında bu partiya səslərin az qala 70 faizinə sahib idi. Lakin burası da var ki, hazırkı son dərəcə aşağı fəallığı ilə fərqlənib. Almaniya tarixində hələ heç bir siyasi partiya bu qədər az səslə qələbə qazana bilməmişdi.
Bütün bunlara baxmayaraq, Berlin seçkisində ən böyük uğursuzluğa xanım Merkelin xristian-demokratları düçar olublar. Halbuki bu partiya cəmi üç il əvvəl federal miqyasda mütləq çoxluğa malik idi. Bundan əvvəl partiya Meklenburq-Verpommern, Reynland-Vestfaliya və Baden-Vürtemberqdəki seçkilərdə məğlub olmuşdu. Bütün bu seçkilərdə itirilən səsləri 2013-cü ildə təsis edilmiş millətçi AfD qazanıb. Xristian-demokratlar özlərini kanslerin qaçqın siyasətindən kənar tutmağa çalışsalar da, bu, onları xilas etməyib.