Putin nə üçün Klintonun məğlubiyyətini istəyir? Dünya

Putin nə üçün Klintonun məğlubiyyətini istəyir?

Obamaya son arayışında yazırdı ki…

2013-cü ilin yanvarında, Amerika diplomatiyasının idarə sükanı Con Kerriyə verilməzdən öncə, Hilları Klinton prezident Barak Obamaya son yazılı arayışını göndərmişdi. Həmin arayışında Klinton Ukrayna, Suriya və Pribaltika məsələlərində Moskvaya qarşı münasibətdə sərt xəttin tutulmasını və Putinə hədsiz güzəştə gedilməməsini məsləhət görürdü.
"Le Point" (Fransa) yazır ki, bir neçə aydan sonra Putinin müttəfiqi Bəşər Əsəd, ABŞ prezidentinin müəyyənləşdirdiyi "qırmızı xətti" keçərək, öz xalqına qarşı kimyəvi silahadan istifadə edən zaman, Barak Obama zəif iradə nümayiş etdirdi. Keçmiş dövlət katibi Hilları Klinton öz prezidentinin bu cür addımı barədə narazılığını gizlətmirdi.
Hilları Klinton buna qədər də Rusiya rəhbərliyi tərəfindən özünə qarşı düşmən münasibət bəslənməsinə əsas verib. 2008-ci il seçki kampaniyasında Klinton Obama ilə mübarizə apardığı zaman, Obamanın Rusiyaya münasibətdəki sadəlövhlüyünü tənqid edirdi. Putin 2012-ci ildə üçüncü müddətə prezident seçildikdən sonra, Klinton Rusiyadakı seçki prosesi barəsində demişdi ki, "bunun yalnız adı demokratik idi".
Ona görə də, heç də təəccüblü deyil ki, öz ünvanına qarşı səsləndirilmiş ittihamlara cavab verən Putin, hədəf olaraq, ABŞ seçki sistemini seçib. İyun ayında o, bildirmişdi: "ABŞ tarixində iki dəfə ölkə prezidenti birbaşa xalqın səsi ilə deyil, xüsusi seçicilər tərəfindən seçilib. Bu demokratiyadırmı?" Bundan sonra Demokratlar partiyasının namizədinə qarşı daha konkret hücumlar başlanıldı. "The Washington Post" sentyabr ayında yazıb: "Amerikanın xüsusi xidmət orqanları prezident seçiklərinin gedişinin pozulması ilə bağlı rusların əməliyyat həyata keçirəcəkləri ilə əlaqədar təhqiqat aparırlar".
Burada söhbət Demokratlar partiyasının serverlərinə edilən kiber hücumlar nəticəsində 20 min məktubun oğurlanmasından gedir. Bunların hamısında ən azından iki ştatın – İllinoys və Arizondakı seçici siyahılarına müdaxilə müşahidə olunur. Bu isə nəticələrin saxtalaşdırılmasına imkan verir. Amerikan əks-kəşfiyyatı məlumat verib ki, əməliyyatda Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Rusiya hərbi kəşfiyyatı ilə əlaqə saxlayan haker qrupunun izlərinə rast gəlinir.
Problem ondadır ki, Donald Tramp öz ölkəsinin müdafiəsinə qalxmaq və bu məsələdə rəqibi Klinton ilə həmrəylik nümayiş etdirmək əvəzinə, açıq şəkildə Rusiyanın tərəfində duraraq, onları Hillarinın şəxsi yazışmasını irəlidə də sındırmağa çağıraraq, bu sənədlərin KİV-lərin xeyrinə olacağını bildirib. ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta deyib: "Belə bir bəyanat, noyabr seçkilərinə təsir göstərmək üçün düşməndən Amerikanın daxili işlərinə qarşı casusluq həyata keçirməsini xahiş etməkdir".
Tramp dostu Putinin əlinə oynamaqda davam edir. Floridada keçirilən mətbuat konfransında o qeyd edib ki, Krımın ilhaq olunması məsələsində Rusiyanı ittiham edərkən, daha yaxşı düşünmək lazımdır. O, NATO ilə Pribaltika arasındakı həmrəyliyə yenidən baxılmasının vacibliyini vurğulayıb. Tramp deyib: "İlk əvvəl onların bizə münasibətdə öz maliyyə öhdəliklərini necə yerinə yetirmələrinə əmin olmalıyıq".
Rəy sorğuları növbəti debatlarda da Hilları Klintonun qalib gələcəyini göstərir. Elə buna görə də, Rusiyanın vəziyyəti destablizasiya edə biləcək əməliyyata baş vuracağı təhlükəsi meydan gəlir. Belə ki, 8 noyabr tarixində Demokratlar partiyasının namizədinin qalib gələcəyi təqdirdə, Moskva yeni haker hücumları təşkil edərək, seçkilərə kölgə salmaq məqsədilə, onun saxtalaşdırılması barəsində şayiələr yaya bilər.
Amerikanın seçki sistemi hələ də yarı kustar səviyyəsindədir və yenidən fövqəladə kövrək vəziyyətə düşə bilər. Belə xoşagəlməz hal 2000-ci ildə Corc Buşun Albert Qor üzərindəki mübahisəli qələbəsi zamanı qarşımıza çıxmışdı. Əgər bu seçki sisteminin zəif tərəflərindən Rusiyanın muzdlu hakerləri istifadə etməyə çalışsalar, onda nə baş verər? Əlbəttə, belə halda Donald Tramp – Hilları Klintonun qələbəsini "dələduzluğun sübutu" adlandıraraq, nəticələrə yenidən baxılmasına çalışacaq.