III Dünya müharibəsi: böyük fəlakət qaçılmaz ola bilər Dünya

III Dünya müharibəsi: böyük fəlakət qaçılmaz ola bilər

Dünyada baş verən bir çox hadisələrin, münaqişələrin bəşəriyyəti III Dünya müharibəsinə aparacağı ehtimalını artırır. ABŞ hökumətinin Rusiya ərazilərinin dərinliklərinin uzaqmənzilli raketlərlə vurulmasına icazə verməsindən sonra vəziyyət daha təhlükəli məcraya qədəm qoyub.

Bir çox dünya liderləri də son zamanlar III Dünya müharibəsi riskinin artdığını bildirirlər. Vəziyyət nə yerdədir və dünya fəlakətə sürüklənə bilərmi? “Xalq Cəbhəsi” ekspertlərlə prosesə aydınlıq gətirməyə çalışıb.

Politoloq Vəli Əlibəyovun fikrincə, artıq 15 ilə yaxındır ki, SSRİ dağılandan sonrakı mərhələdə dünyada bifurkasiya prosesi gedir: “Bu, tarix boyu təkrarlanan bir prosesdir və bunun nəticəsində yeni dünya düzəni yaranır. Yeni dünya düzəni də böyük imperiyaların dağılması nəticəsində yeni dövlətlərin yaranması, bəzi dövlətlərin yoxa çıxması ilə baş verir”.

O qeyd edib ki, dünya hazırda böyük dəyişikliklər ərəfəsindədir: “Bir neçə imperiyalar dağılmalıdır. Bir çox alimlər də qeyd edir ki, planet III Dünya müharibəsi astanasındadır. Əlbəttə ki, burada Rusiya İmperiyasının mövcudluğu məsələsi var. Görünən də odur ki, Rusiya asanlıqla məğlub olmaq istəmir. Əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə Rusiyanın əlində nüvə silahı var. Bu silahla Rusiya bəşəriyyəti məhv edə bilər”.

V.Əlibəyov vurğulayıb ki, III Dünya müharibəsi başlayarsa Rusiyanın Şimali Atlantika bloku dövlətləri qarşısında tab gətirmək taqəti olmayacaq: “Eyni zamanda, Şimali Atlantika blokunun bir neçə ölkəsi Rusiyaya zərbələr endirəcək və Rusiya məhv olacaq. Bütün gedişat ona doğru gedir. Yəni əvvəlki illərdən fərqli olaraq III Dünya müharibəsi ehtimalı daha çoxalıb. Bu da ABŞ, Almaniya, Böyük Britaniya, Fransa rəhbərlərinin öz uzunmənzilli silahlı raketlərindən Ukraynaya Rusiyaya qarşı istifadəyə icazəsi verəndən sonra baş verdi. Ukraynada artıq bu proses başlayıb. III Dünya müharibəsinin olma ehtimalı həqiqətən də çoxdur. Putinin də xalqa müraciət etməsi boş yerə deyildi. Həmçinin Qazaxıstan Prezidenti də dövlət təhlükəsizliyi ilə bağlı müəyyən dövlət qurumlarına tapşırıqlar verdi. Düşünürəm ki, başqa dövlətlərdə də belə hazırlıqlar gedir. Yəni hər an, hər dəqiqə hər şey ola bilər”.

“III Dünya müharibəsinin elementləri göz önündədir”

Məsələ ilə bağlı fikirlərini bildirən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl qeyd edib ki, Ukraynanın Böyük Britaniyadakı səfiri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı dedi ki, III Dünya müharibəsi xoş gəlib: “Çünki artıq onun elementləri var. Yəni artıq təkcə Rusiya deyil, müəyyən mənada az da olsa Çin, canlı qüvvəsi ilə Şimali Koreya, silahları ilə İran Rusiyanın tərəfindədir. Canlı qüvvələri olmasa da Qərb, Qərbi Avropa və ABŞ Ukraynanın tərəfində dayanır”.

Onun sözlərinə görə, verilən son informasiyalar göstərir ki, kifayət dərəcədə gərginlik var: “Yalnız Ukrayna poliqon deyil, eyni zamanda, Rusiyanın ərazisinə də icazə verilib ki, dərinliklərinə ABŞ, Böyük Britaniya və Fransanın istehsal etdiyi uzunmənzilli raketlərdən istifadə etsinlər. Bu artıq o elementlərin göstəricisidir. Belə bir atəş oldu. Ukrayna tərəfindən Bryansk, Kursk istiqamətində raketlər atıldı. Ardınca Putinin əmri ilə noyabrın 21-də cavab atəşi oldu. Cavab atəşində yeni ballistik “oreşnik” raketi ilə Dnepr şəhəri vuruldu. Yəni ki, faktiki olaraq təkcə nüvə başlıqlı raketlərdən istifadə olunmur, bütün vəziyyətlərdən isə istifadə olunur”.

İ.İsmayıl bu, bizim anladığımız klassik dünya müharibəsi səviyyəsində olmasa da, amma artıq müəyyən elementlərinin olduğunu deyib: “Bir sıra dövlətlər qarşı qarşıya dayanıb. Hələ ki daha çox qarşılıqlı raket zərbələri endirilir gedir. Həmçinin informasiya, təbliğat müharibəsi də gedir. Tammiqyaslı olmasa da, amma III Dünya müharibəsinin elementləri göz önündədir. Əgər taktiki nüvə silahına keçilərsə və Qərb də canlı qüvvə ilə iştirak edərsə, bu artıq tammiqyaslı III Dünya müharibəsi olacaq. ABŞ-nin yeni Prezidenti Trampdan yeni gözləntilər var. Hələ proses davam edir. Trampın irəli sürdüyü sülh planı ilə tərəflərin razılaşacağı böyük suallar altındadır. Ona görə də vəziyyət kifayət dərəcədə gərgindir. Putin Qərbi Avropanın şəhərlərinin adlarını çəkməklə necə məhv edəcəyini söyləyir. Böyük Britaniya da cavabını verdi ki, biz elə bu axşamdan müharibəyə hazırıq. Yəni belə bir proseslər gedir. Həm informasiya, həm çəkindiricilik, qorxutma faktorları var. Eyni zamanda, ballistik raketlərdən istifadə edilir. Halbuki, 1987-ci ildən müqavilə bağlanmışdı ki, yaxın və uzaqmənzilli, ortamənzilli ballistik raketlərdən istifadə edilməsin. Bəşəriyyət çox çətin və təhlükəli bir ərəfədədir”.

“Dünya müharibəsinin konturları getdikcə konkretləşir”

Politoloq Tofiq Abbasov Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəşəriyyətin III Dünya müharibəsi ərəfəsində olduğunu deməklə, bunun həqiqətdən o qədər də uzaq olmadığını, artıq bir çox ölkələri sözlərdən, hədələrdən əməllərə keçməyə sövq etdiyini bildirib.

O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında olan münaqişədə Ukraynaya kömək edən 50-dən çox ölkə var: “Münaqişədə Rusiya tərəfində isə İran, Şimali Koreya var. Düzdür, İran ilə Rusiya arasında hərbi anlaşma yoxdur, ancaq iki tərəf bu yaxınlarda strateji tərəfdaşlıq haqqında çox əsaslı bir sənəd imzalamalıdır. Şimali Koreya ilə Rusiya arasında isə hərbi sənaye, hərbi texniki sahədə münasibətləri tənzimləyən sənəd var. Yəni onlar rəsmən hərbi müttəfiqdirlər”.

T.Abbasov qeyd edib ki, dövlətlərin bir çoxu bütün bu proseslərdə iştirak edirlər: “Çünki artıq maraqlar toqquşur, digər tərəfdən blokların bir-biri ilə çəkişməsi var. Hələ ki NATO bir o qədər də fəallıq göstərmir, ancaq siyasi bəyanatlara gəldikdə NATO-nun baş katibi və digər rəsmiləri də məsələlərə sərt münasibət bildirirlər. Yəni Rusiyanı, İranı, Çini və digər ölkələri qınaq obyektinə çeviriblər. Belarusa gəldikdə isə Belarus xüsusi xidmət orqanlarının vaxtaşırı açıqlamaları olur və bildirilir ki, ölkənin cənub-qərbindən müdaxilə olmalıdır. Yəni üç ölkənin Litva, Polşa və Ukraynanın iştirak ilə xüsusi dəstələr formalaşdırılıb və onlar Belarus ərazisinə hücum edəcəklər. Prezident Aleksandr Lukaşenko hətta bu haqda açıqlama da verərək ən sərt tədbirləri görməyə hazır olduqlarını bildirib. Digər tərəfdən biz əgər nəzər salsaq ki, Rusiya Prezidenti Putin nüvə doktrinasına əlavələr edib və bildirilir ki, hətta nüvə silahından Rusiyaya qarşı istifadə olunmasa belə Rusiya lazım bilərsə taktiki nüvə silahlarından qarşı tərəflərə istifadə edə bilər. Yəni bu, təhlükəli, mürəkkəb bir bəyanat və açıqlamadır. Doktrina bunu ehtiva edirsə, demək onlar bunu edə bilərlər”.

Politoloq bütün bunların vəziyyətin gərginliyindən xəbər verən məqamlar, reallıqları əks etdirən hadisələr olduğunu vurğulayıb: “Dünya müharibəsinin konturları getdikcə konkretləşir. I Dünya müharibəsi zamanı dünyada 50-dən çox müstəqil dövlət vardı. Amma müharibədə 30 ölkənin iştirakı göstərdi ki, bu həqiqətən də dünya müharibəsidir. İndi isə dünyada 200-ə yaxın ölkə var, əksər dövlətlər də artıq prosesə müdaxilə edir və onlar öz maraqları uğrunda sonadək mübarizələrini aparacaqlar, öz istəklərindən dönməyəcəklər. Nəticədə bu, böyük fəlakəti qaçılmaz edə bilər”.

T.Abbasov Cənubi Qafqazın mövqeyini də nəzərə almalı olduğumuzu diqqətə çatdırıb: “Çox həssas bir bölgədəyik. Bir çox ölkələr bizim bölgədən keçən kommunikasiyalardan fəal istifadə edirlər və bu, onlar üçün həyati əhəmiyyətli bir məqamdır. Məsələn, Rusiyanı götürsək, onun Qərbə doğru bütün yolları bağlanıb və alternativləri də o qədər çox deyil. Şərqə doğru daşımaları, gediş-gəlişi inkişaf etdirmək onlar üçün bir o qədər maraqlı deyil. Amma bizim bölgədən istifadə olunur. Türkiyə, İran və digər dövlətlər də bizim bölgədən istifadə edir. Ümumiyyətlə, Avrasiya məkanında Cənubi Qafqazın xüsusi yeri var. Çünki şimal-cənub, şərq-qərb, cənub-qərb, cənub-şərq istiqamətlərində yaxşı imkanlar, tranzitlər var. Odur ki, əgər hər hansısa ölkə başıpozuqluq edib Ermənistandan istifadə edərək burada vəziyyəti gərginlik yaratmaq üçün pozarsa, o, çox böyük bir fəsadları ortaya çıxara bilər. Bu baxımdan əminəm ki, Azərbaycan dövləti həm güc sahibi, həm də diplomatik potensiala malik tərəf kimi əlindən gələni edəcək ki, risklər, neqativ təsirlər Cənubi Qafqazdan uzaq olsun”.

Röya İsrafilova