Fon der Leyen Avropanın Ukrayna üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb Dünya

Fon der Leyen Avropanın Ukrayna üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək niyyətini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, o, bununla bağlı paylaşımları noyabrın 15-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə baş tutan telefon danışığından sonra "X" sosial şəbəkəsində dərc edib.

"Bu axşam Aleksandr Stubb və mən Ukrayna ilə Rusiya arasındakı sülh danışıqlarını müzakirə etdik. Avropa bu prosesdə "E5 + Aİ" formatında yaxından iştirak edəcək", – deyə AK rəhbəri yazıb.

Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta bildirmişdi ki, Aİ ölkələrinin liderləri Rusiya, ABŞ və Ukrayna ilə müzakirələr aparmaq üçün danışıqlar qrupu barədə razılığa gəliblər. Onun sözlərinə görə, qrupa Aİ institutlarının – Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransadan ibarət "istəklilər koalisiyası"nın beşliyi daxil olacaq.

Öz növbəsində, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması və Avropada gələcək təhlükəsizlik sistemi ilə bağlı məsələlər gündəmə gəldikdə avropalılarla danışığa ehtiyac yaranacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Aİ-nin məsləhətləşmələrdə iştirak istəyinə toxunaraq qeyd edib ki, avropalılar "qatarın getdiyini" anlayır və "sonuncu vaqonun pilləkəninə tullanmağa" çalışırlar. Onun sözlərinə görə, buna baxmayaraq, onların bəyanatları özlərinə hansı rolun ayrıla biləcəyini hələ də anlamadıqlarını göstərir.

Məryəm Quliyeva