Vens prezident seçkiləri ilə bağlı qərarını 2027-ci ilin yazınadək verə bilər Dünya

Vens prezident seçkiləri ilə bağlı qərarını 2027-ci ilin yazınadək verə bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2027-ci ilin yazının sonuna qədər dövlət başçısı seçkilərində mümkün iştirakı ilə bağlı qərar qəbul edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vens "Yeni ilə qədər 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməmək barədə yekun qərar verməyəcək və niyyətini açıqlamaq üçün yazın sonuna qədər gözləyə bilər". "Axios" vurğulayır ki, vitse-prezident Respublikaçılar Partiyasından dövlət başçısı postuna ən real namizədlərdən biri olaraq qalır, lakin partiya yoldaşlarının ABŞ Konqresinə aralıq seçkilərdəki məğlubiyyəti "onun siyasi gələcəyini çətinləşdirib və 2028-ci il seçkilərində qüvvələr nisbətini dəyişə bilər".

Portalın bildirdiyinə görə, vitse-prezidentin ən yaxın müşavirləri onun seçkilərdə iştirak etmək qərarına gələcəyinə əmindirlər. Bununla belə, Vens "seçkiqabağı kampaniyaya vaxtından əvvəl başlamağın diqqəti hazırkı ABŞ Prezidenti Donald Trampdan yayındıra və onu Trampdan uzaqlaşdıra biləcəyindən" ehtiyat edir.

Xatırladaq ki, noyabrın 13-də CNN telekanalı mənbələrə istinadən Vensin aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirakdan imtina etmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini xəbər vermişdi. Tramp isə noyabrın 4-də Vensin öz namizədliyini irəli sürməyəcəyini istisna etməmişdi.

Vens oktyabrın 19-da 2028-ci ildə prezident postuna iddia etmək qərarına gələrsə, Trampın dəstəyini qazanacağına əminliyini ifadə edib. Daha əvvəl "CBS News" telekanalına müsahibəsində o, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməmişdi.

Məryəm Quliyeva