Kılıçdaroğlu sədrlikdən gedəcək? Dünya

Kılıçdaroğlu sədrlikdən gedəcək?

"Kılıçdaroğlu sədrlikdən getmək məcburiyyətində qalacaq". Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, buna səbəb onun partiyasının səs itirməsidir:"Digər tərəfdən, yeni siyasi sistem nüfuzlu siyasi liderlərlə yola davam edəcək. Kılıçdaroğlu isə belə biri deyil. Kılıçdaroğlunun qarşısında partiyadan 8% çox səs toplamış və müxalifəti həyəcanlandıran bir lider də var. Partiyanın bazası partiya liderinə qarşı gələ biləcək struktura da sahibdir. Yəni Kılıçdaroğlu CHP liderliyindən indi getməsə belə, 2019-cu ilin mart seçkilərində onun səsinin 20%-dən də az olacağı gözlənilir. Çıxışlarından görünür ki, Kılıçdaroğlu hər nə olur-olsun, dirənməyə çalışacaq. Amma 2019-cu il seçkilərinin nəticəsinə əsasən, o getməli olacaq".
Ekspert vurğulayıb ki, İncə üçün ən məqbul olanı 2019-cu ilin mart seçkilərindən sonra liderlik vəzifəsinə gəlməsidir:
"Çünki o, indi gəlsə, bu şəraitdə heç bir əhəmiyyətli fayda verə bilməz və seçkilərdə də ilk məğlubiyyətini alar. Ancaq 2019-cu ilin martından sonra gəlsə, o zamana qədər partiya bazasının tələbi güclənər və 2023-cü ilə qədər də vaxtı olar. Ancaq CHP-nin lideri hər kim olursa olsun, təkbaşına prezident seçkilərini qazana biləcək sosial bazaya sahib deyil. Onsuz da indiki sistem tək bir ideologiyanın hakim olduğu partiyanın liderinin prezident olmasına imkan vermir. Bu məqamda nəzəri olaraq adlandırılacaq iki koalisiya olacaq: "Mühafizəkar-millətçi" ittifaq və "Respublikaçı-millətçi" ittifaq".
Ekspert qeyd edib ki, bir də sistemdən kənar kimi görünın HDP bazası var:
"Bu təbəqə proses ərzində yeni sistemə inteqrasiya olmağa başlayacaq. Beləliklə, orta hesabla, millətçi partiyalar həm sistemin inkişafı, həm də hər iki koalisiyanın formalaşması üçün açar rolunu oynayacaq. Hansı ittifaqın qazanacağına isə ictimaiyyət qərar verəcək. burada ölkənin iqtisadi vəziyyəti də seçkidə önəmli təsirə malik ola bilər".