İŞİD-i ABŞ silahlandırır Dünya

İŞİD-i ABŞ silahlandırır

Senator da bu ehtimalı sübut edir

Cavid

Hələ də İraqa meydan oxuyan İŞİD-in müxtəlif dövlətlər tərəfindən himayə olunduğu ilə bağlı iddialar səsləndirilir. Bu sıraya Səudiyyə Ərəbistanı, Qətər və digərləri də aid edilir. ABŞ-ın İraqı İŞİD-dən qoruması qərarını verməsinə baxmayaraq, bu dövlətin də terror təşkilatına dəstək nümayiş etdirdiyi ittihamlar sırasındadır. Hətta bəzi yerli və xarici ekspertlər bildirirlər ki, İraqda Huri əl Maliki hökumətinin yıxılması üçün Vaşinqton İŞİD variantına işə salıb.
Belə ki, növbəti dəfə ABŞ-ın Respublikaçılar Partiyasının senatoru Rand Paul sensasiyalı açıqlama ilə çıxış edib.
Rand Paul Suriyada İŞİD-in silahlanmasına ABŞ-ın yardım etdiyini deyib. İŞİD-in Əl-Qaidənin bir törəməsi olduğunu söyləyən senator Bəşər Əsədi devirmək üçün suriyalı üsyançılara silah yardımı etdiklərini bildirib.
CNN kanalında bir proqrama qatılan senator Əsədin devriləcəyi təqdirdə Suriyanın cihadın paytaxtı olacağını deyib. Senator Suriya ilə bağlı aparılan siyasətin qərəzli olduğunu söyləyib. O, İŞİD-in ABŞ üçün hər hansı bir təhlükə ifadə etmədiyini də dilə gətirib.
Bundan öncə də belə bir ittiham səslənib. Siyasi məsələlər üzrə amerikalı ekspert Daniel Patrick Press TV ilə müsahibədə deyib ki, İŞİD ABŞ tərəfindən idarə olunun terror qruplaşmalarından biridir: "İraqda və Suriyada cinayət törədən bu terrorçu qruplaşma Amerika tərəfindən maliyyələşdirilir və onun qəddar ünsürləri İordaniya və digər ölkələrdə təlim dövrləri keçdikdən sonra Suriyaya gəlir və xalqı qətliam edir".
Patrik müsahibəsinin digər hissəsində ABŞ prezidentinin bu ölkə hərbçilərinin İraqa ehtimal olunan hücum ilə bağlı konqresin səsinə ehtiyaclı olmadığı ilə bağlı sözlərinə işarə edərək deyib: "Dünyada böhranın dərinləşməsinə səbəb olan şey ABŞ-ın militarist siyasətlərindən irəli gəlir".
NSNBC şərhçisi Kristof Lehmann isə Suriya və İraqda tüğyan edən İŞİD təhlükəsinin köklərini araşdırıb. Nüfuzlu ABŞ KİV-inin təhlilçisi bu qənaətə gəlib ki, Yaxın Şərqdəki son siyasi-hərbi proseslər birbaşa olaraq Ankaradakı ABŞ səfirliyindən idarə olunur.
Öz qənaətlərində K.Lehmann livanlı milyarder Saad Haririyə yaxın qaynaqlara istinad edir. "İŞİD-in əsas vəzifəsi İraqı bölmək, Suriyadakı savaşı böyük Yaxın Şərq müharibəsinə çevirmək və İranı bu savaşa cəlb etməkdir", - deyən şərhçi iddia edir ki, bu haqda qərar 2013-cü ilin 22-23 noyabrında Türkiyədə toplanan Atlantik Şurası Enerji Zirvəsinin qapalı iclasında qəbul edilib.
K.Lehmann bildirir ki, rəhbəri Frederik Kempenin olduğu Atlantik Şurasının iclasında Türkiyə prezidenti Abdullah Gül, ABŞ enerji naziri Ernst Monitz, keçmiş dövlət katibi Madlen Olbrayt, keçmiş Milli Təhlükəsizlik Şurası katibi Brent Skoucroft iştirak ediblər. "Sonuncu şəxs Henry Kissincer və İraqın şimalındakı kürd liderləri ilə sıx əlaqələrə malikdir".
K.Lehmann müxalifətin ələ keçirdiyi bölgələrdə Suriya neftinin nəqlinə icazə verildiyini xatırladır. ABŞ-ın İraq baş naziri Nuri əl-Maliki ilə neft ixracı məsələsində anlaşa bilmədiklərini vurğulayan müəllif qeyd edir ki, plana əsasən, İraqdakı İŞİD-in Deyr əz-Zor bölgəsini ələ keçirdiyi təqdirdə neftin Kərkük-Ceyhan boru xətti ilə nəqli də başlayacaqdı. "Ankara Malikiyə kürd muxtariyyəti və neft nəqli məsələsində dəfələrlə təzyiq göstərdi", - deyə şərhçi qeyd edir. O, Türkiyə ilə bərabər, Səudiyyə Ərəbistanı və Qətərin də rəsmi Bağdada düşmən kəsildiyini yazır.
NSNCB-dəki məqalənin sonunda qeyd olunur: "ABŞ-ın Ankaradakı səfirliyi əməliyyatın qərargahıdır. Səfir Rikkardione olmadan heç bir şey yerindən tərpənmir".
ABŞ-ın İŞİD-i silahlandırması ittihamına daha bir fakt: ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Misirdə misirli həmkarı Samih Şükrü ilə görüşdə İraqdakı mövcud durumla bağlı maraqlı açıqlama ilə çıxış edib.
Con Kerri mətbuat konfransında bildirib ki, ölkəsi İraqda nə qanuni hökuməti, nə də terrorçuların mövqeyini dəstəkləyir: "İraqın gələcəyini xalq özü təyin edəcək. ABŞ hökuməti İraqda hər hansı bir şəxs və ya hansısa qrupu dəstəkləmir. İraqda bütün qrupları təmsil edən bir rəhbərlik görmək istəyirik".
Xatırladaq ki, İraqda şəhərləri işğal edərək əhalini qətlə yetirən, ölkədə kütləvi qarşıdurma yaradan və banklarda soyğun həyata keçirən İŞİD terrorçularının cinayəti ABŞ-ın XİN rəhbəri tərəfindən görməzlikdən gəlinib. Con Kerrinin İraqda heç bir tərəfi dəstəkləməməsi ilə bağlı çıxışı isə Amerikanın İŞİD-in arxasında olması ilə bağlı iddiaları təsdiqləyib.
İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (Ettelaat) isə İraqda baş verən hadisələrlə bağlı ABŞ və İsraili ittiham edib. İran mediasının verdiyi məlumata görə, nazir müavini Əli Həzai deyib ki, "İraq Şam İslam Dövləti" təşkilatı başda olmaqla bölgədəki radikal qrupların İraqda həyata keçirdiyi terror aktları ABŞ və İsrail tərəfindən dəstəklənir: "İŞİD və digər terrorçu qrupların əməlləri yalnız şiələrə qarşı düşmənçilik deyil, bu həm də sünnilərə qarşı da yönəlib. Mosul şəhərindəki hadisələr buna bariz nümunədir".
Ə.Həzai bildirib ki, son bir ayda İranın fərqli bölgələrində Əl-Qaidə ilə əməkdaşlıq edən 30 nəfər saxlanılıb. O, ibadət yerlərinin terrordan qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də qeyd edib.
Politoloq Zərdüşt Əlizadə deyib ki, İŞİD əsasən Suriyada yarandı: "Suriyada ABŞ-ın təhriki ilə Səudiyyə Ərəbistanı, Qətər küllü miqdarda pul buraxıb onları qızışdırırdı. Suriya dünyada bir çox terror təşkilatlarının mərkəzinə çevrilib. Sonradan onlar bir-birləri ilə vuruşmağa başladılar. Bu terror təşkilatların arasında İŞİD yarandı və digərləri ilə vuruşmağa başladı. Sonra onlar qarşılarına məqsəd qoyublar ki, böyük bir xilafət qursunlar. Onlara kifayət qədər silah verdilər və təlim keçdilər. Nəhayət İraqa istiqamətləndilər. İraqda bəzi BƏƏS fəalları da onlara qoşuldular. Onlara vədlər verildi ki, Bağdada doğru gedirik və Xilafətin mərkəzi olacaq. Amma gedişatdan məlum oldu ki, İŞİD-in o qədər də gücü yox imiş. Artıq İraq ordusu toparlanb və əməliyyatlara başlayıb. Amma bu İraqın bölünməsinin ən pik nöqtəsi olacaq. ABŞ-da bu məsələyə maraqlı münasibət bildirdi. O qeyd etdi ki, İraqda baş verən bu hadisələr onları narahat edir: "Bizə İraq dövlətin müraciət etsə,kömək etməyə hazırıq. Amma biz hərbi kömək göstərməyəcəyik. Biz düşünürük ki, bu problemlərin yaranmasında əsas səbəbkarı İraq höküməti olub. Çünki, onlar ədalətsiz siyasət yürüdrlər. Onlar mütləq BƏƏS-in də tərkibində olduğu silahlı qüvvələrlə danışıqlara başlamalıdırlar".