Tramp bəşəriyyət naminə risklər edir Dünya

Tramp bəşəriyyət naminə risklər edir

Amerika Birləşmiş Ştatlarının prezidentinin son aylarda atdığı addımlar dünyanın siyasi meydanında baş verən gözlənilməz hadisələr kimi dəyərləndirilə bilər.
Bu sözləri keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, Trampın Putinlə görüşdən sonra Tvitter səhifəsində yazdığı fikirlər daha çox diqqət çəkir:
"Trampın bu yaxınlarda Şimali Koreyanın lideri ilə görüşü, heç kimin gözləmədiyi halda Rusiya prezidenti ilə sammit zamanı bu qədər isti münasibət yarada bilməsi nə qədər qəribə görünsə də, danılmaz həqiqətdir. Onun "mən bəşəriyyətin taleyi ilə risk edib siyasi qazanc əldə etməkdənsə, bəşəriyyət xatirinə siyasi risklərə getməyə daha çox hazıram" deməsi düşündürücüdür. Trampın onillər boyu ipə-sapa yatmayan və qonşu dövlətləri, hətta ABŞ-ın özünü nüvə silahı ilə hədələyən Şimali Koreya rəhbərini ram edə bilməsi, onun bu fikirləri söyləməkdə haqlı olduğunu göstərir. Hazırda ABŞ-da Trampın populyarlığı 11 sentyabr 2001-ci ildə baş vermiş məlum terror aktından sonrakı dönəmdə kiçik Corc Buşun populyarlıq səviyyəsi ilə müqaisə edilə bilər".
Fikrət Yusifov vurğulayıb ki, indi Tramp eyni zamanda həm ABŞ-ın və həm də bəşəriyyətin maraqlarını qorumaq xatirinə riskli addımlar atır:
"Təsəvvür etmək çətin deyil ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş aparıldığı bir vaxtda Trampın şimal qonşumuzun rəhbərliyi ilə bu qədər isti bir münasibət formalaşdırması Birləşmiş Ştatların rəsmi dairələri və ilk növbədə Rusiyaya qarşı sanksiya istəyində olan konqresmenlər tərəfindən necə qarşılanır. Ancaq Tramp heç nəyə baxmadan özünü dünyanın siyasi düzənində ciddi korrektələr etməyə kökləyib. Zaman onun bu addımlarının nə ilə nəticələnəcəyini tezliklə göstərəcək. Müzakirəyə ehtiyacı olmayan bir həqiqət var ki, ideoloji cəhətdən fərqli qütblərdə dayanan tərəflərin müttəfiqliyi bir qayda olaraq möhkəm olmur və ya uzun ömürlü ola bilmir".
F.Yusifov Rusiya-ABŞ yaxınlaşmasının bizə nə vəd edəcəyinə də münasibət bildirib:
"Bu iki nəhəng nüvə dövlətinin yaxınlaşması onların maraqlarının bölüşdürülməsi ilə də başa çata bilir. Hər iki dövlətin dünyanın çox yerində olduğu kimi, Cənubi Qafqazda da öz maraqları var".