Rus tankları Ukrayna ərazisinə girib Dünya

Rus tankları Ukrayna ərazisinə girib

Atəşkəsin yenidən bərpası gündəmə gətirilib

Cavid

Almaniyanın "Der Spiegel" jurnalının NATO-nun baş katibi Rasmussenin bu ölkədə keçirdiyi mətbuatdan konfransından hazırladığı bir xəbər dünyada getdikcə artan müharibə xəbərlərinin əsas mahiyyətini ortaya qoyur.
Jurnalın yazdığına görə Rasmussen Ukrayna hadisələrinə toxunarkən belə deyib: "Rusiyanın Ukraynada həyata keçirdiyi qanunsuz hərbi fəaliyyət bizim üçün bir siqnal oldu və Avropaya öz təhlükəsizliyi məsələsinə barmaqarası baxmamağı xatırlatdı".
Fikrinin davamında o, bunun səbəbini ölkələrin hərbi xərcləriylə əlaqələndirərək Rusiyanın son 5 ildə müdafiəyə ayırdığı kapitalı 50% artırdığını, Avropanın isə əksinə bunu sürəkli olaraq azaltdığını bildirib. Baş katib bu məntiqdən çıxış edərək Avropa ölkələrinə dövlət büdcələrində hərbi xərclərə faha artıq yer ayırmağı məsləhət görüb.
ABŞ-ın vitse-prezidenti Coe Bayden isə Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıb. Ağ Evin məlumatına görə, iki lider Rusiyanın dəstəklədiyi separatçıların da əməl etməli olduğu atəşkəsə yönəlik diplomatik cəhdləri müzakirə ediblər.
Bayden Rusiyanı separatçılara dəstəyi və Ukraynaya silah göndərməyi dayandırmasa, sanksiyalarla hədələyib: "Əgər Rusiya ağır döyüş texnikanın sərhəddən keçirilməsi daxil olmaqla separatçılara davamlı dəstəyinə son qoymazsa, ABŞ Rusiyaya əlavə hesab təqdim etməyə hazırdır".
Ukrayna prezidenti Baydenə bildirib ki, hər iki tərəf razılaşmaya əməl edəcəyi təqdirdə atəşkəsə hazır olduğunu bildirib. Dövlət başçısı Ukrayna, Almaniya, Fransa və Rusiya xarici işlər nazirlərinin Berlində görüşlərinin nəticəsi barədə məlumat verərək, əldə olunan razılaşmalara uyğun olaraq növbəti addımların atılması lazım olduğunu deyib. Poroşenko ikitərəfli formatda riayət olunması, eləcə də girovların azad edilməsi və ATƏT-in monitorinqinin sərhəddə nəzarətinin bərpası şərtilə atəşin dayandırılmasına razı olduğunu bildirib. Prezident hər hansı bir əlavə şərt olmadan siyasi danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.
Bayden Ukraynanın bu çətin günündə prezidentin atəşkəsə yanaşmasını ABŞ-nin də dəstəklədiyini və ölkədə sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəklərini bildirdi. Buna cavab olaraq Poroşenko ABŞ xalqına minnətdarlığını bildirib və Baydeni ölkəsinin 4 iyul müstəqillik günü münasibətilə təbrik edib. "Bu gün Ukrayna da öz müstəqilliyi uğrunda mübarizə aparır və bunun qiymətini bilir" - deyə Poroşenko əlavə edib.
Ukraynada isə vəziyyət getdikcə ağırlaşır. Rusiya mətbuatının verdiyi məlumata görə, iki gün ərzində Rusiya sülhməramlılarını Ukraynaya yeridəcək. Znak.kom portalı Rusiya XİN-ə yaxın mənbəyə istinadən xəbər verir ki, vəziyyət gərgindir. İki gün əvvəl Rusiya Ukrayna prezidenti Pyotr Poroşenkoya Donetsk və Luqansk regionunda hər iki tərəfin bir neçə aya atəşi dayandırması üçün münaqişəni dondurmaq təklifi edib. Bu arada RF nə "DXR" nə də "LXR"-i tanımır - deyə mənbə bildirib.
"Hər gün mülki şəxslərin ölməsinə baxmayaraq, Poroşenko təklifi qəbul etməyib. Rusiyanın sülhməramlılarının hazırladıqları əməliyyat çox sadədir. Bu baş verərsə Rusiya tərəfindən bir neçə ordu qüvvəsi sıravi vətəndaşların təhlükəsizliyini təmin etmək üçün böyük şəhərləri mühasirəyə alacaq" deyə o əlavə edib. Belə olan halda "Putinin ordu yeritməsi haqqında qərarının icazəsini ləğv etməsi nəyə lazım idi" sualına isə mənbə "bu Putinə Avstriyada danışıqların aparılması üçün Poroşenkoya jest etməkdən başqa bir şey deyildi" cavabını verib.
Dünən isə məlumat yayılıb ki, Luqansk bölgəsində RF tərəfindən Ukraynaya keçən 20 tank və 122 ədəd zirehli texnikası qeydə alınıb. Bu barədə Milli qvardiyanın informasiya təhlükəsizliyi şöbəsinin rəisi Yuriy Stes xəbər verib. "Dünən Ukrayna hava məkanını Rusiyaya aid iki Mi-8 və Mi-24 vertolyotları pozub. Eləcədə Rusiya tərəfindən yaraqlılarla dolu 4 KamAz-ın hərəkət etdiyi qeydə alınıb" - deyə o bildirib.
O həmçinin bildirib ki, Luqansk bölgəsində Rusiya tərəfindən ölkə ərazisinə girən 20 tank və 122 ədəd zirehli texnika yerləşir. Onun sözlərinə görə terrorçulardan təmizlənmiş şəhərlərdə içərisində RF köçürmələri qeyd edilən Rusiya bankına aid kredit kartı tapılıb.
Ukraynanın antiterror qüvvələri isə artıq Krasnodona girib.
Bu barədə "Svobodnıy jurnal" məlumat yayıb. Qeyd olunur ki, Ukrayna ordusu Krasnodona girib. Qarşıdurmalar Daxili İşlər Nazirliyinin binası yaxınlığında davam edib, bir düşmən tankı sıradan çıxarılıb. Qarşıda isə terrorçuların "Zenit" qurğuları var.
Bu arada Rusiya baş nazirin müavini Dmitri Roqozin "twitter" səhifəsində yazıb ki, ABŞ Ukraynanı NATO hərbi-sənaye kompleksinin məhsulları ilə silahlandırmağa başlayıb.
D.Roqozin Ukrayna ordusundakı hərbi texnikanın nasaz vəziyyətdə olduğunu qeyd edib. Sovet istehsalı olan silahın NATO silahı ilə əvəzlənməsindən söhbət getdiyini bildirən baş nazirin müavini hesab edir ki, ABŞ bununla da öz hərbi-sənaye kompleksinin itkilərini kompensasiya etməyə çalışır.
"Rusiya bu gün" nəşrinin siyasi şərhçisi Mixail Rostovski isə ABŞ və Avropa İttifaqının Ukrayna haqqında düşünmədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf Rusiyanın neytrallaşdırılmasıdır.
"Rusiya Ukraynaya iqtisadi təzyiqləri davam etdirirsə, onu dağılma gözləyir". Bunu "Qərb-Şərq" layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada ukraynalı iqtisadçı ekspert Boris Kuşniruk deyib.
"Rusiya indi olmasa da, çox tezliklə Ukraynaya münasibətdə iqtisadi təcavüzü davam etdirəcək. Bu isə istənilən halda zamanında Rusiyanın dağılması ilə nəticələnəcək", - deyə iqtisadçı vurğulayıb.
Bununla belə, o, Ukraynaya görə iqtisadi müharibənin və ya üçüncü dünya müharibəsinin başlamayacağını da deyib. Onun sözlərinə görə, bu gün Rusiya özü-özünə guya qüdrətli dövlət olduğu fikrini sırıyır.