Avropa etirazlar dalğası ilə çalxalanır Dünya

Avropa etirazlar dalğası ilə çalxalanır

Həftə sonları Avropa ölkələri üçün heç də sakit keçməyib. Belə ki, qoca qitənin müxtəlif ölkələrində baş verən kütləvi etirazlar nəticəsində yüz minlərlə insan iştirak edib, nəticədə icazəsiz aksiyalar səbəbindən polis aşırı güc tətbiq etmək məcburiyyətində qalıb. İcazəsiz aksiyalar etirazçıların bir sıra tələbləri nəticəsində baş verib ki, bu da toqquşmalarla, dağıntılar və kütləvi həbslərlə müşahidə olunub.
Digər tərəfdən, artıq Avropanın bir çox ölkələrində belə rəy formalaşmağa başlayıb ki, hakimiyyətlər avropalıların qiymətlərin artımı, sosial, təhsil, səhiyyə və s. sahələrdəki tələbatlarına etinasız yanaşır, qəbul edilən qərarlar heç də sivil toplumu qane etmir. Məhz bu baxımdan, istər anarxistlər, istərsə də antiqlobalistlər zaman-zaman iğtişlar yaradaraq, baş verənlərə qarşı öz etiraz səslərini ucaldırlar. Lakin təbii ki, polis və hüquq-mühafizə orqanları bu kimi icazəsiz aksiyaların qarşısını almağa güc tətbiq etməklə məcbur olurlar.
Misal üçün, noyabrın 17-də Yunanıstanın paytaxtı Afinada fəaliyyət göstərən Politexnik institunun ərazisində hakimiyyətin istefası və digər tələblər irəli sürən tələbələrə anarxistlər də qoşulublar. Çaxnaşmalar nəticəsində çərçivədən çıxan olaylar demək olar ki, paytaxtın bir çox kvartallarına yayılıb. Anarxistlər ərazidəki tullantıları və avtobomil təkərlərini yandırıb, oturacaqları qırıb, polisə daş və "Molotov" kokteylləri atıblar. Hadisələr nəticəsində həm polis, həm də iğtişaşçılar tərəfindən yaralananlar var. Məlumatlardan da bildirilir ki, polis iğtişaşçılara qarşı səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edib, çox sayda həbs olunanlar var. Yunanıstan polisi noyabrın 17-də keçirilən kütləvi iğtişaşlarda iştirak etdiklərinə görə 20 nəfəri, o cümlədən dörd xarici ölkə vətəndaşını həbs edib. Saxlanılanlar arasında Fələstin və Rumıniya vətəndaşları da var.
Bu isə həmin ölkədə baş verən yeganə hadisə deyil. Digər informasiyalarda bildirilir ki, anarxistlər dövlət nümayəndələrinə qarşı da hücumlar tətbiq edir, onların həyatlarına qarşı zor tətbiq etməyə çalışırlar. Belə ki, Yunanıstanın maliyyə naziri Yanis Varufakis bəyan edib ki, o, həyat yoldaşı ilə paytaxt Afina restoranlarından birində nahar edən zaman bir qrup anarxistin hücumuna məruz qalıb. BBC-nin verdiyi xəbərə görə, Varufakis qeyd edib ki, üzlərinə maska taxan anarxistlər ona tərəf müxtəlif əşyalar atıblar. Hadisə nəticəsində nazir və yoldaşı xəsarət almayıblar.
Bolqarıstanda da vəziyyət demək olar ki, eyni müstəvidə cərəyan edib. Ölkəni yeni kütləvi etiraz aksiyaları bürüyüb. Belə ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar. Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki mindən çox polis əməkdaşı cəlb olunub. Ölkənin daxili işlər naziri Mladen Marinov aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilməsinə baxmayaraq, müxtəlif bölgələrdə ciddi qanun pozuntularının da baş verdiyini deyib. İcazəsiz aksiyalarda iştirak edənlər və polisə qarşı müqavimət göstərənlərin həbs olunduqları bildirilir.
Fransada isə vəziyyət daha gərgin olub. İcazəsiz aksiyalara səbəb isə benzinin qiymətinin artması olub. Xarici informasiya agentliklərinin Fransanın Daxili İşlər Nazirliyinə istinad etdikləri xəbərlərinə əsasən, 244 min etirazçının keçirdiyi aksiya zamanı bir nəfər ölüb, 400-dən çoxu isə xəsarət alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu da məlumatlar sırasındadır. İcazəsiz aksiyalar zamanı etirazçılardan 52 nəfərin saxlanıldığı vurğulanıb.
Göründüyü kimi, istənilən ölkədə qanunsuz aksiyaların keçirilməsi qanunlar əsasında qadağan olunub və buna cəhd edənlərə qarşı məhz qanun çərçivəsində zəruri tədbirlər görülür. İstər ABŞ, istər Avropa ölkələrində cəhd edilən bütün qanunsuzluqların qarşısı alınır.