“Türkiyə bu halda İranla birgə hücum edəcək” Dünya

“Türkiyə bu halda İranla birgə hücum edəcək”

"İdlib ətrafındakı nisbi sakitlik qasırğa öncəsi vəziyyəti xatırladır". Bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı ilə ötən həftənin əvvəlində görüşünü, həftə sonuna doğru isə iki gün ardıcıl telefonla danışmasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, 3 milyona yaxın insanın toplaşdığı İdlib bölgəsində 30 mindən artıq qatı cihadçı, 60 minə yaxın isə köhnə qrupların qalıqları var:
"Son günlər bölgədə kimyəvi silahların işlənməsi prosesi müşahidə olunur. Bu, çox təhlükəli bir cərəyandır. Çünki ölən və ciddi xəsarət alanların sayı getdikcə artır. Küncə sıxışdırılmış cihadçı dəstələrin artıq ekstraordinar gedişlərə yol verməsi özlüyündə misilsiz bir təhdiddir. Birincisi, orada mülki vətəndaşlar yaşayır, ikincisi, bölgədə genişmiqyaslı döyüşlər əsl fəlakətə səbəb ola bilər. Ona görə də Türkiyənin əsas istəyi Rusiyanın bir növ təmkin nümayiş etdirməsi və hücum taktikasından uzaq durmasıdır. Əks təqdirdə onsuz da humanitar baxımdan gərgin olan bölgə barıt çəlləyinə çevrilə bilər".
Politoloqun sözlərinə görə, Moskva və Ankara əvvəl əldə olunmuş razılıqlarla bağlı öz yanaşmalarına korrektə ediblər:
"Türkiyə hakimiyyəti və Müdafiə Nazirliyi razılaşma metodikasının çökməməsinə çalışır. Məqsəd Rusiya Silahlı Qüvvələrinin vəziyyətə nəzarəti saxlamaq şərtilə fəal tənbehedici aktlara keçməsini önləməkdir. Söhbət yaraqlıların tənbeh edilməsindən və onların tərki-silah olunmasından gedir. Bu prosesdə əsas mahiyyət siyasi liderlərin qətiyyətidir. Əgər Putin və Ərdoğan arasında razılaşma varsa, təbii ki, güc nazirliklərinin rəhbərləri də birinci şəxslərin tapşırıqlarını yerinə yetirəcəklər. Əsas məsələ isə İdlib və onun ətrafındakı ümumi şəraitin nəzarətdən çıxmaması, bölgədəki yaraqlıların təxribat xarakterli hərəkətlərə yol verməməsidir. Hər şey bundan asılı olacaq. Əgər bölgədəki yaraqlılar kimyəvi və qadağan edilmiş silahlardan istifadə etsələr, Rusiya və İran hərbiçilərinin birgə əks tədbirləri qaçılmaz olacaq".