Ukrayna ordusu Luqanska girdi Dünya

Ukrayna ordusu Luqanska girdi

Donetsk vilayətinin İlovaysk şəhəri də nəzarət altına alınıb, rus separatçıları təslim olmaqdan imtina ediblər

Cavid

Ukraynanın Donbas batalyonunun döyüşçüləri anti-terror əməliyyatı zamanı separatçıların əlində olan İlovaysk şəhərini azad edərək, şəhərin mərkəzinə Ukrayna bayrağını sancıblar.
Bu barədə Donbas batalyonunun Feysbuk səhifəsində məlumat verilib. Məlumata görə, şəhərin separatçılardan tam təmizlənməsi istiqamətində əməliyyat aparılır. Ukrayna ordusu şəhərin mərkəzinə qədər irəliləyib.
Luqanskın mərkəzi rayonlarında isə küçə döyüşləri gedib. Bu haqda Ukraynanın Milli təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko xəbər verib.
Ukrayna İCTV telekanalında "Söz azadlığı" proqramının efirində o qeyd edib ki, Ukrayna ordusunun bəzi bölmələri artıq şəhər mərkəzindədir.
Daha əvvəl Luqansk ərazisində qaçqınların avtomobil karvanı separatçılar tərəfindən atəşə tutulmuşdu.
Bu arada qondarma Donetsk xalq respublikası (DXR) ukraynalılarla danışıqlara hazır olduğunu, lakin Kiyevin bu şərtlərini yerinə yetirmək fikri olmadığını deyib. Bu barədə isə "DXR" baş naziri Aleksandr Zaxarçenko bildirib.
Zaxarçenko "Biz təklif gözləyirik, lakin ağlabatan şərtlər - silahı yerə qoyub sərhədlərin bağlanmasını təmin etmək... Bu heç vaxt olmayacaq, qoy onlar heç bu barədə arzulamasınlar da"- deyə mövqe bildirib.
O "respublika"sının hakimiyyətinin müharibəyə qarşı olduğunu deyərək əlavə edib ki, "Mövcud DXR dövlətini tanımaq lazımdır. Mən başa düşürəm, bu onlar üçün fiziki cəhətdən mümkün deyil və ya mənəvi hansısa keyfiyyətlər onlara ölkəni tanımağa icazə vermir".
Qeyd edək ki, bundan öncə Ukrayna XİN Pavel Klimkin Donbasdakı vəziyyətlə əlaqədar Berlində keçirilən dördtərəfli görüşləri şərh edərkən bildirib ki, Donets və Luqansk ərazilərində atəşkəsin bərqərar olunması yalnız sərhədlər üzərində nəzarətin qaytarılması, ATƏT müşahidəçilərinin işinin təmin olunması və girovların qaytarılmasından sonra mümkündür.
Bu arada Ukrayna ordusu Luqansk və Donetsk bölgələrini bu gecə də ardıkəsilməz atəşə məruz qoyublar. Hər iki şəhərdə su, işıq, qaz təchizatı dayandırılıb.
Daha əvvəl Luqansk ərazisində qaçqınların avtomobil karvanı separatçılar tərəfindən atəşə tutulmuşdu.
Dünən verilən digər bir məlumata görə isə Ukrayna antiterror gücləri Donetsk vilayətinin İlovaysk şəhərinin üçdə ikisini nəzarət altına alıb.
Bu barədə "facebook" səhifəsində "Donbas" könüllü batalyonunun komandiri Semyon Semençenko yazıb.
"Biz İlovayskdayıq. "Dnepr" batalyonu və "Azov" batalyonunun 2-ci bölüyü şəhərdə ağır döyüşlər aparır. Onlar öz işini mükəmməl yerinə yetirir. "Donbas" batalyonunun zərbə qüvvələri terrorçuların blokpostlarını süpürüb atırlar?, - Semençenko yazıb.
O, şəhərin tamamilə mühasirəyə alındığını bildirib. Semençenkonun sözlərinə görə, "Donbas" batalyonunun döyüşçüləri arasında itkilər yoxdur.
O da söylənilir ki, rəsmi Moskva dəfələrlə Ukraynadakı separatçılara ağır silahlar, məşhur "Buk" zenit kopleksini vermədiyini açıqlasa da, ukraynalı kəşfiyyatçılar dövlət sərhədinin 20 kilometrliyində böyük arsenal dəstinin Donbasa doğru istiqamət aldığını müşahidə ediblər.
Antikor.ua-nın xəbərinə görə, silah karvanı Rusiyanın Şaxtinsk şəhərinin Kamensk məntəqəsindən keçib. Hərbi maşınlar "Buk"lar üçün "9Ya266" və "9M38" konteynerlərini dayşıyıblar. Maşınların üzərində Rusiyanın "50" saylı dövlət nömrə nişanı var.
Ukryanalı ekspertlər həmin maşınların Moskva yaxınlığındakı hərbi hissəyə məxsus olduğunu, lakin Rusiyada aparılan hərbi islahatlarla əlaqədar Qərb Hərbi Dairəsinin nəzdinə keçdiyini açıqlayıblar.
Almaniya kansleri Angela Merkel isə Ukrayna prezidenti Petro Poroşenkonun dəvətini qəbul edərək Kiyevə getməyə qərar verib. Merkelin avqustun 23-də Ukraynaya gedəcəyi bildirilir.
France-Presse agentliyi qeyd edib ki, Almaniya kanslerinin səfəri Ukraynanın müstəqilliyi günü ərəfəsində planlaşdırılıb.
Xatırladaq ki, Petro Poroşenko və Angela Merkel 16 avqustda telefonla danışıblar və ölkənin şərqində münaqişənin nizama salınması üçün məsələləri müzakirə ediblər.
Söhbətin tamamında Ukrayna prezidenti kansleri gələn həftə Ukraynaya baş çəkməyə dəvət edib.