Rusiya Ukraynada genişmiqyaslı müharibə aparır Dünya

Rusiya Ukraynada genişmiqyaslı müharibə aparır

Putin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərini sərt tonda hədələyib
"Əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm"

Cavid

Ukraynanın şərqində gedən mövqe döyüşlərində ruslar xeyli irəliləyiblər. "RİA Novosti"nin verdiyi məlumata görə, Mariupol şəhəri mühasirədədir, Luqansk aeroportu da artıq rusların nəzarətinə keçib. Döyüşlərdə Ukrayna ordusu ağır itkilər verərək geri çəkilmək məcburiyətində qalıb. Onlar silahlıların tank, artilleriya və "Qrad" zərbələri qarşısında geri çəkilməli olublar. Ölən və yaralananların dəqiq sayı açıqlanmayıb.
100-dən artıq Ukrayna əsgəri təslim olub. Bu arada Ukrayna prezidenti Petro Poroşunko antiterror əməliyyatlarını davam etdiriləcəyini açıqlayıb. Minskdə isə rusiyameyillilərin də nümayəndələrinin iştirakı ilə danışıqlar aparılır. Danışıqlarda Rusiyanın tərəflərə təcili atəşkəs təklifi müzakirə olunub.
Rusiya prezidenti Vladimir Putin isə onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərini sərt tonda hədələyib.
Bu haqda İtaliyanın "La Republica" qəzeti Avropa İttifaqı liderlərinin keçirilən toplantısında gedən müzakirələrə istinadən yazır.
Xatırladaq ki, Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları müzakirə ediblər. Lakin Aİ-nin 28 üzvü arasından Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb.
Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb. "Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib" deyə Merkel bildirib.
Qəzetin yazdığına görə bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: "Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm".
Ukraynanın müdafiə naziri Valeri Geletay isə sensasiyalı sayılacaq açıqlama verib. Ukraynanın UNİAN agentliyi bu barədə nazirin özünə istinadən xəbər yayıb. Məlumata görə, ölkənin şərqinin separatçılardan təmizlənməsi ilə bağlı əməliyyatlardan danışan nazir Moskvanın "qeyri-rəsmi kanallarla Ukraynanı taktiki nüvə silahının tətbiqi ilə hədələdiyini" söyləyib.
"Rusiya tərəfi müqaviməti davam etdirəcəyimiz təqdirdə bir neçə dəfə qeyri-rəsmi kanallarla bizə qarşı nüvə silahının tətbiq olunacağı ilə bağlı hədə-qorxu gəlib" - bunu öz faceook səhifəsində müdafiə naziri yazıb.
V.Geletayın fikrincə, Rusiya Ukraynada apardığı müharibəni uduzduğunu anladığı üçün qarşı tərəfi nüvə silahı ilə hədələyir.
Rusiya tərəfi isə ukraynalı nazirin bu sensasion bəyanatına hələ də hər hansı formada rəsmi münasibət bildirməyib.
Yüksək vəzifəli NATO generalı isə Ukrayna hakimiyyətinin ölkənin şərqində apardığı müharibədə məğlub olduğunu düşünür. Bu barədə general Almaniyanın "Spiegel" jurnalına müsahibəsində deyib. "Hərbi mənada Kiyev münaqişəni uduzub".
Jurnalın məlumatına görə, NATO rəhbərliyi Şərqi Ukraynadakı hərbi vəziyyətə yeni yanaşma sərgiləyir: "Ukrayna prezident Pyotr Poroşenkonun isə rusların mühasirəsində olan hərbçilərini azad etmək üçün danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Faktiki olaraq Kiyev ölkənin şərqinə nəzarəti əldən verib".
"Spiegel"in məlumatına görə, hazırda NATO komandanlığının əsas diqqəti Rusiya meylli qüvvələrin mühasirəsində olan sənaye mərkəzi və liman şəhəri Mariupol ətrafındakı döyüşlərə yönəlib.
Kiyev meri Vitali Kliçko Almaniya hökumətini terrorçularla mübarizə üçün Ukraynaya silah yardımı etməyə çağırıb.
"Bild" jurnalı xəbər verir ki, Kliçko Almaniyanın İraq kürdlərinə silah verməsini dəyərləndirib. Amma eyni münasibəti Ukraynaya göstərmədiklərini tənqid edib: "Üç aydır ki, NATO-dan kömək istəyirik. Söhbət heç silahdan da getmir. Yardım kimi adi zirehli geyimlər, dəbilqələr belə verilmir".
Kliçkonun sözlərinə görə, Putin Ukraynanın şərqindəki separatçıları dəstəkləyir. Bu isə təkcə Ukrayna üçün yox, həm də Avropa İttifaqı üçün təhdiddir: "Avropa anlamalıdır ki, biz təkcə Ukraynanı yox, bütün Avropanı, onun dəyərlərini qoruyuruq".
Dünən o da bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən Donetsk vilayəti İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə Ukrayna Ordusunun böyük itki verib. Bu barədə xəbəri Ukraynanın Dneprepetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Boris Filatov verib.
O deyib ki, şəhər uğrunda gedən döyüşlərdə 100-dən artıq ukraynalı hərbçi həlak olub.
B.Filatovun sözlərinə görə, separatçılar Rusiya Ordusunun hərbi artileriya sistemlərinin dəstəyi ilə Ukrayna hərbçilərinin mövqelərini dağıtmağa müəssər olub: "Müharibə bütün dəhşətləri ilə davam edir. Artıq hər iki tərəf bir-birinə faşist gözü ilə baxır".
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından isə bildirilib ki, İlovaysk şəhəri ətrafında gedən döyüşlərdə 200-ə yaxın Ukrayna hərbçisi əsir götürülüb.
Onu da bildirək ki, Minskdə Ukrayna böhranı üzrə Kontakt qrupunun iclası başlanıb. İclasda Ukrayna, Rusiya, ATƏT nümayəndə heyətləri iştirak edib.
Ukraynanı keçmiş prezident Kuçma, Rusiyanı bu ölkənin Ukrnaynadakı səfiri Zurabov, ATƏT-i təşkilatın hazırki sədrinin Ukrayna böhranı üztə nümayəndəsi Taljavini təmsil edir.
İclasa qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Purgin, qondarma Luqansk Xalq Respublikasının Ali Sovetinin sədri Karyakin də gəlib.
İclasdan qabaq Purgin deyib ki, o, hərbi əməliyyatların və qurbanların sayının azaldılması üçün təkliflərlə gəlib. Təkliflər 8-9 bənddən ibarətdir.
Kontakt qrupunun iclası 4 saat çəkib. İclasdan sonra jurnalistlərlə qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Purgin danışıb.
O deyib ki, sənədlər mübadiləsi olub: "Ukrayna tərəfi öz sənədlərini bizə verdi. Biz isə öz sənədlərimizi onlara verdik. İndi biz bir də sentyabrın 5-də görüşəcəyik. Yəqin ki, Minskdə. Məsləhətləşmələri davam etdirəcəyik. Məncə, konkretliyə keçəcəyik".
Purgin deyib ki, indi taym-aut götürməyin vaxtıdır. Bu fasilədə təklifləri təhlil etmək lazımdır: "Ola bilsin ki, bəzi bəndlər bizim üçün məqbuldur, bəziləri Ukrayna tərəfi üçün".
Purgin özlərinin təklif etdiyi 9 bəndlik planı isə açıqlamayıb. O deyib ki, bunu ictimaiyyətə təqdim etməyin vaxtı deyil. O bildirib ki, bu günki görüşdə atəşin dayandırılması üçün ilk addımlar atıldı.
Danışıqlara yaxın olan mənbə Rita-Sita agentliyinə deyib ki, müxtəlif işççi qruplara yaradılacaq. Bir qrup atəşin dayndırılması, digər qrup əsirlərin dəyişdirilməsi, başqa bir qrup ağır artilleriyadan və aviasyadn istifadə və nəzarət üzrə olacaq.
O da bildirilib ki, Ukraynada hərbi əməliyyatların başladığı vaxtdan Rusiyanın 2 mindən çox peşəkar hərbçisi öldürülüb.
Bunu Ukrayna Müdafiə nazirinin müşaviri Aleksandr Danilyuk özünün Feysbuk səhifəsində yazıb.
"Ukraynaya hücuma görə, 2 minə yaxın rus hərbçisi, əsasən də desantı öldürülüb. İndi həlak olanların qohumları ilə əlaqə saxlamaq və bundan başqa hələ sağ qalan rus əsgər və zabitlərin anti-hərbi fəala çevrilmələri üçün qeyri-formal struktur yaratmaq lazımdır", - Danilyuk yazıb.
Dünən axşam saatlarından etibarən isə Rusiya hərbi təyyarələri Ukraynanın Luqansk şəhərini bombalamağa başlayıb
Rus təyyarələri Luqanskda olan Ukrayna ordu birləşmələrinin postları ilə yanaşı bir sıra dövlət əhəmiyyətli binaları da bombardman edib.
Şəhərdə həyacan siqnalı verilib və binalarda yaşayan əhali sığnacaqlarda gizlənib. Bombardmanlar nəticəsində tələfat olsa da, ölənlərin dəqiq sayı hələ ki, məlum deyil.