Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulub Dünya

Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulub

Putin: "Avrasiya İttifaqı MDB-dəki bütün qonşularımız üçün açıqdır"

Dünən Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən iclasda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan prezidenti Serj Sarkisyan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak ediblər.
İclasda Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni imzalayıb.
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında Ermənistan və Qırğızıstanın Avrasiya İttifaqına üzv olmalarının bu ölkələrin mili maraqlarına cavab verdiyinə əmin olduğunu, habelə onların sosial-iqtisadi inkişafı üçün geniş imkanlar açdığını bildirib.
Toplantı bitdikdən sonra dövlət başçıları mətbuat nümayəndələri üçün brifinq keçiriblər. Brfinqdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Avrasiya İqtisadi İttifaqı digər ölkələr üçün də açıqdır: "Avrasiya İttifaqı MDB-dəki bütün qonşularımız, Qərb və Şərqdəki tərəfdaşlarımız üçün açıqdır. Ermənistan və Qırğızıstanın quruma qoşulması bu ölkələrin inkişafına kömək edəcək. İştirakçıların sayının artması İttifaqın özünə xeyirlidir",- deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, Avrasiya inteqrasiyası bütün tərəflərin fikirləri nəzərə alınmaqla, qarşılıqlı mənfəət və hörmət üzərində qurulub: "İttifaq üzvləri bərabər hüquqlara və vəzifələrə malikdirlər. Biz elə etməliyik ki, Avrasiya İttifaqı güclü iqtisadi artım mərkəzinə çevrilsin".