Rusiya Mariupolu işğal etməyə hazırlaşır Dünya

Rusiya Mariupolu işğal etməyə hazırlaşır

Ukrayna prezidenti Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib

Cavid

Ukrayna ordusununu tərk etmək məcburiyyətində qaldığı və Rusiyaya bağlı separatçıların işğal etdikləri Debaltsevo rayonunun Loqvinovo və Uqleqorsk qəsəbələrinin son vəziyyəti ilə bağlı görüntülər yayılıb. Ukrayna mediası xəbər verir ki, görüntülər "SOS ORDUSU" qrupu tərəfindən pilotsuz uçuş aparatı vasitəsilə çəkilib.
Qeyd edək ki, Debaltsevo şəhəri srağagün separatçıların əlinə keçib. Loqvinovo və Uqleqorsk ən ağır döyüşlərin getdiyi yaşayış məntəqələri olub. Pilotsuz uçuş aparatı vasitəsilə çəkilən görüntülərdə qəsəbələrin separatçılar tərəfindən məhv edildiyi görünür.
Bu arada Ukrayna Baş qərargahı Debaltsevoda verilən itkiləri açıqlayıb. Ukrayna Baş qərargahının rəsi müavini Gennadi Voroboy 22 hərbi qulluqçunun öldüyünü, 150-dən çoxunun yaralandığını bildirib.
Ölkənin prezidenti Pyotr Poroşenkonun rəhbərliyi altında keçirilən müşavirədə çıxış edən Voroboy hərbi qulluqçulardan 6-nın Debaltsevodan çıxarkən öldüyünü deyib. O, həmçinin Debaltsevodan 2459 hərbi qulluqçunun çıxarıldığını qeyd edib.
Öz növbəsində, "Donetsk Xalq Respublikası"nın "Müdafiə Nazirliyi" Debaltsevodakı mühasirədə Ukraynanın 2-3 min hərbi qulluqçunun öldüyünü açıqlayıb.
Artıq Rusiyaya bağlı hərbi birləşmələr Debaltsevo dəmiryol stansiyasını tamamilə nəzarəti altına alaraq şəhərdə "hərbi komendatura" yaradıb. Bu barədə "Facebook" səhifəsində "İnformasiya müqaviməti" qrupunun koordinatoru, hərbi ekspert Dmitri Tımçuk bildirib.
Hərbi ekspertin məlumatına görə, rusların avanqard bölmələri Artemovsk istiqamətində irəliləməyə çalışırlar: "Qorlovka qarnizonu" adlanan hərbi birləşmə, Rusiya qoşunlarının taktik qrupu və rota taktik qrupu Artemovsk istiqamətində irəliləməyə başlayıb. Rusiya qoşunları yerli sakinlərlə komplektləşdirilib. Onların böyük hissəsini 16-17 yaşlı vətəndaşlar təşkil edir. Hücumda 10 tank, 6 BBM və 4 qrupa bölünmüş 240 döyüşçü iştirak edir. Məlumatlara görə, Ukrayna artilleriyası vaxtaşırı düşmənə zərbələr vurur".
Separatçılar həmçinin Debaltsevo ərazisində gedən döyüşlərdə vurulan hərbi texnikanın təxliyyəsinə başlayıb.
NATO-nun baş katibi Cens Stoltenberg Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edərkən deyib ki, Rusiya Debaltsevoda Ukrayna ordusuna qarşı müasir silahdan istifadə edib.
O, Rusiyanı öz ordusunu Ukraynanın şərqindən çıxarmağa, Minsk razılaşmasına hörmətlə yanaşmağa və separatçılara dəstəyi dayandırmağa çağırıb.
Stoltenberg bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi davam etdirəcək.
Rusiyalı ekspertlər isə bildiriblər ki, Ukraynanın sülh sazişinə getməsi yeni hücum taktikasıdır.
Ekspertlər bildirir ki, sülh razılığına baxmayaraq ABŞ Ukraynaya hərbi yardım etmək planında heç bir dəyişiklik etməyib. Bu isə rəsmi Kiyevin ölkəsinin şərqindəki separatçı üsyanları heç də xüsusi status yox, yalnız hərbi yolla yatırmaq istəyinə işarədir. Artıq ABŞ ordusunun bir polku bu ilin martında Ukrayna Daxili İşlər Nazirliyinin 3 polkuna təlim keçmək üçün bu ölkəyə gəlməyə hazırlaşır. Ruslar hesab edir ki, bu təlimlər yeni veriləcək super silahların istifadə qaydalarının öyrədilməsi olacaq. Artıq Ukrayna Müdafiə naziri ABŞ-a lazım olan hərbi texnikanın siyahısını təqdim edib.
Ukrayna prezidentinin mətbuat-xidməti isə xəbər verdi ki, Petro Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin yatırılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Dünən isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib. Bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib.
"Əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edərək, mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra, mən ümidvaram ki qərar qəbul olunacaq, biz rəsmi olaraq bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq", deyə P.Poroşenko bildirib.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bundan sonra rus separatçıları strateji özəlliyi olan Mariupol şəhərini ələ keçirməyə çalışacaqlar: "Debaltsevo şəhəri rus separatçıların nəzarətinə keçdi. Bunu Kiyev də etiraf etmək məcburiyyətində qaldı. İştah diş altdadır. Moskva Debaltsevodan sonra əsas strateji hədəfi - Mariupol şəhərini ələ keçirməyə çalışacaq. Əlbəttə, ortada Minsk-2 razılaşması var. Ancaq bu "razılaşma" necə ki, Debaltsevonu işğaldan qurtarmadı, eləcə də Mariupol uğrundakı gələcək döyüşləri də sığortalamaq iqtidarında deyil. Ukrayna ordusunun güclənməsinə, könüllü batalyonların mərkəzi komandanlığa tabe olmasına, bir sözlə, nizam-intizama ehtiyac var. Kreml ancaq güclə hesablaşır və qarşısındakını zəif hesab edirsə, onun üzərinə daha çox gedəcək".