Zabil azad insan idi... Hadisə

Zabil azad insan idi...

Əflatun Amaşov: "Onun barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır"

Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov dünən dünyasını dəyişmiş jurnalist Zabil Müqabiloğlu barədə danışıb.
Mərhum junalist barədə xoş sözlər söyləyən Mətbuat Şurasının sədri onu azad insan kimi dəyərləndirib: "Onun barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi.
Müalicə üçün İranda olarkən telefonla söhbətləşdik. İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun görkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.
Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.
Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!"