Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi  jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2017-ci il yanvarın 25-dən martın 7-dək, Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirildiyini bildirib.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədr müavini - Vüqar Rəhimzadə, üzvlərdən - Əflatun Amaşov, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Faiq Qurbanov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Martın 15-də isə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. İcraçı direktor bildirib ki, Fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir.
Vüqar Səfərli Müşahidə Şurasının qərarı ilə müsabiqə qaydalarında dəyişiklik edildiyini, bu dəfə yalnız birinci yerə layiq görülmüş jurnalistlərin Fondun xüsusi diplomu ilə təltif ediləcəyini bildirib. İcraçı direktor qeyd edib ki, bu qərar müsabiqədə iştirak edən jurnalistlər arasında sağlam yaradıcı rəqabət mühitinin gücləndirilməsinə və Fondun diplomların statusunun daha da yüksəldilməsinə xidmət edir.
Çıxışını davam etdirən Vüqar Səfərli müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor nəticələrin Fondun Müşahidə Şurasının 14 mart 2017-ci il tarixli iclasında geniş müzakirə edilərək təsdiqləndiyini, 15 nəfər jurnalistin I, 30 nəfər jurnalistin II, 45 nəfər jurnalistin III yerə layiq görüldüyünü bildirib. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edərək ölkə rəhbərliyinin xüsusi qayğısı ilə ölkəmizdə medianın maddi-texniki və qanunverici bazasının daha da möhkəmləndirildiyini bildirib. Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini xatırladan Əflatun Amaşov yazıların keyfiyyətinin də ildən-ilə yüksəldiyini diqqətə çatdırıb.
Fondun ekspertlərindən - "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.
Sonra 15 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.
Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha Novruz bayramı münasibəti ilə təbrik edib, onları Fondun keçirdiyi digər müsabiqələrdə də fəal iştirak etməyə çağırıb.