“Bəzi KİV-lər rəqəmləri səhv salıb” Hadisə

“Bəzi KİV-lər rəqəmləri səhv salıb”

"Azərbaycan parlamentinin 100 illik yubiley tədbirləri çox yüksək səviyyədə keçirilib. Ölkə rəhbərliyi, həm Milli Məclisin rəhbərliyi, həm də ölkəmizdə səfərdə olan nümayəndə heyətləri parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən iclası və tədbirləri yüksək qiymətləndirib. Hətta xarici nümayəndə heyətləri yubiley tədbirlərində iştirakdan sonra öz ölkələrinə qayıdıb aparıcı mətbuat orqanlarında Azərbaycan parlamentinin 100 illik yubileyinin çox yüksək səviyyədə keçirildiyini qeyd ediblər".
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkklüoğlu Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasa münasibət bildirərkən belə deyib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasa dünyanın bir çox ölkələrinin nümayəndələri qatılıb.
"Onlar burada həm Azərbaycan reallıqlarının şahidi oldular, həm də ölkəmizdəki inkişafı gördülər. Həmçinin, Azərbaycanın beynəlxalq aləmdə günü-gündən artan nüfuzunun şahidi oldular".

Akif Təvəkküloğlu qeyd edib ki, təntənəli iclasda 44 ölkənin nümayəndəsi iştirak edib.
"Bunlardan 14 ölkə spiker, 20 ölkə vitse-spiker səviyyəsində təmsil olunub. Ümumilikdə isə tədbirdə 300-ə yaxın nümayəndə iştirak edib. 300-ə yaxın nümayəndənin 140-ı deputatlardan ibarət olub. Qalanları isə onları müşayiət edən nümayəndələr idi. Həmçinin 9 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasda və tədbirlərdə iştirak edib. Bir daha qeyd edirəm ki, tədbir çox yüksək səviyyədə keçirilib. Milli Məclis rəhbərliyinin bu sahədə gördüyü işlər öz nəticəsini və səmərəsini verdi".
Akif Təvəkküloğlu bildirib ki, bəzi KİV-də təntənəli iclasda iştirak edən nümayəndə heyətlərinin, deputatlarının sayı ilə bağlı rəqəmlər səhv salınıb və ya göstərilib: "Ancaq mənim sizə dediyim rəqəmlər isə tam rəsmidir".