Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir Hadisə

Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda regional konfrans keçirilib.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar iştirak ediblər.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib. O, eyni zamanda, ölkəmizdəki dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunmasına, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə geniş imkanlar açıb. Vurğulanıb ki, bu model Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və dünyada artıq nümunə kimi qəbul olunur. Dövlətimizin başçısının bu istiqamətdə atdığı addımlar davamlı xarakter daşıyır, eləcə də multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır.
Dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır. O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən Komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.