Kaliforniyada Azərbaycan bayrağı qaldırılıb Hadisə

Kaliforniyada Azərbaycan bayrağı qaldırılıb

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb. Tədbir oktyabrın 17-də Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilib, San-Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədovanın səyləri və Los-Ancelesdəki baş konsulluğun dəstəyi ilə gerçəkləşdirilib.
Mərasimdə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda Azərbaycan xalqının verdiyi qurbanlardan, müstəqil dövlət kimi əldə etdiyi uğurlardan söhbət açıb.
San-Xose şəhərinin meri Çak Rid çıxışında Azərbaycan bayrağının San-Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycanla ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova San-Xose şəhərində Azərbaycan bayrağının qaldırılması işinə verilən dəstəyə görə təşəkkürünü bildirib, bundan sonra bir ənənə olaraq hər il Müstəqillik Günü münasibətilə meriya qarşısında Azərbaycan bayrağının ucaldılacağını vurğulayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğu bildirir ki, San-Xose şəhəri dünyanın informasiya texnologiyaları mərkəzi olan Silikon Vadisinin paytaxtı, ABŞ-ın 10-cu, Kaliforniyanın isə 3-cü ən böyük şəhəridir.