TQDK magistraturaya qəbul imtahanı keçirəcək Hadisə

TQDK magistraturaya qəbul imtahanı keçirəcək

Tural

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək. TQDK-nın məlumatına əsasən, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq. Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. Ərizə qəbulu haqqında elan, elektron ərizələrin doldurulma qaydası, qəbul imtahanlarında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı və digər zəruri məlumatlar "Magistr" jurnalının 2-ci sayında və Komissiyanın rəsmi internet resurslarında bakalavrlara təqdim olunub. İmtahanda iştirak etmək üçün 23230 (ötən il 24560) bakalavr ərizə təqdim etmişdir. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlardır. Bakalavrlardan 11620 nəfəri cari ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-ci il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19521, Naxçıvanda 535, Gəncədə 1975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759 nəzarətçi-müəllim cəlb olunacaq. Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcək.