Təmas xəttində gərginlik yenidən artıb Hadisə

Təmas xəttində gərginlik yenidən artıb

Müdafiə Hazirliyi: "Zirehli texnikalarımız döyüşə hazır vəziyyətə gətirildi"


Ötən gün ermənilər növbəti dəfə atəşkəsi pozublar. Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində mülki vətəndaşlara atəş açılıb. Ermənilər Ağdamın cəbhə kəndində qəbiristanlığa dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar. APA xəbər verir ki, bu barədə təmas xəttində yerləşən Mirəşelli kənd sakinləri məlumat veriblər.
Mirəşelli kəndinin də daxil olduğu Əhmədağalı Bələdiyyəsinin sədri Habil Abbasov bildirib ki, srağagün dünyasını dəyişən kənd sakini Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı düşmən hərbçiləri adamlara atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər.
Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində yaxınlarının və doğmalarının məzarının bayramqabağı ziyarətə gedən sakinlər düşmən tərəfindən atəşə tutulur.
Onu da əlavə edək ki, rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın əvvəlki illərdə atəşə tutulması nəticəsində ziyarətə və dəfnə gələn dinc sakinlər arasında güllə yarası alan və həyatını itirənlər olub.
Bu arada isə Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir: "Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir"