Nazirliyin e-xidmətlərindən 212500 dəfə istifadə olunub Hadisə

Nazirliyin e-xidmətlərindən 212500 dəfə istifadə olunub

Tural

Bu ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib. Həmçinin ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 44581 dəfə, "İş yerinə dair arayış" e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.
"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaranmasını şərtləndirib.
Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.