“Kinonu sevmirəm“ Mədəniyyət

“Kinonu sevmirəm“

Onu hamı tanıyır. Murad Dadaşovun adı çəkiləndə öncə "Şən və Hazırcavablar Klubu"nun üzvü yada düşür.
O, artıq 15 ildir həm də böyük bir şirkətə rəhbərlik edir. Prodüser və teleaparıcı kimi tanınır.
2003-cü ildə güvəndiyi komanda ilə uzun bir yola çıxan Murad Dadaşov etiraf edir ki, bu güvən özünü doğruldub. Yaradıcısı olduğu "MGP" (M Group Production) şirkəti 15 il ərzində 4 uğurlu televiziya layihəsinə, filmlərə və irili-xırdalı onlarla işə imza atıb.
Yubiley yaşında əməkdar artist şirkətin adı ilə bağlı maraqlı açıqlama verib: "M Group Production" deyəndə nədənsə Murad Dadaşov fikirləşirlər – "M" hərfinə görə. Amma elə deyil. Bu şirkət "Media Group Production" kimi nəzərdə tutulmuşdu. 15 yaş yeniyetmə yaşıdır. Mən buna öz ad günümdən daha çox sevinirəm. 15 yaş mənim üçün önəmli hadisədir".
Bu illər ərzində komanda hər addımını diqqətlə atıb. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verib. Uğurun sirri də məhz budur. "Mərc Şou" ilə başlayan fəaliyyət bu gün "Maşın Şou" və "Davam ya Tamam" layihələri ilə davam edir. Bununla yanaşı, ötən il təqdim olunan "Bayram axşamı" filmi də "M Group Production"un məhsuludur. Amma "MGP" komandası hər zaman qısamüddətli layihələrə üstünlük verir. Murad Dadaşov bunu səbirsiz olması ilə əlaqələndirir. Elə film sektoruna maraq göstərməməsinin də səbəbi budur: "Mən, ümumiyyətlə, kinonu sevmirəm. Kino istehsalatını sevmirəm. Bu, çox çətin sahədir. O qədər hövsələsiz, səbirsiz insanam ki. İnsanlar aylarla çalışırlar ki, bir hadisə çıxacaq, bunu da təkrar edə-edə gedəcəklər. Televiziya elə deyil. Hər gün dinamika var. Film etmək istəyirik. Məsələn, Cem Yılmaz kimi filmlər çəksəm, keyfiyyəti yüksək olsa belə, maraqlı mesajlar versəm belə, tamaşaçı qəbul etməz. Tamaşaçılar kinoya, sadəcə, zaman keçirmək üçün baxır".
Murad Dadaşov komandası ilə birgə yubiley yaşını bir gün deyil, ilboyu qeyd edəcək. Həm də tam fərqli formada: "Hər bir tamaşaçımızın evində qonaq olub, onlara təşəkkür etmək istəyirik. İlk növbədə "Davam ya Tamam"ın ikinci fəsli başlayır. Bu, Azərbaycanda dünya lisenziyası ilə işləyən yeganə televiziya şousudur. Yeganə şoudur ki, heç kəs pulsuz getmir. May ayında "Maşın Şou" olacaq. Eyni zamanda ilk dəfə olaraq teleserial bazarına girmək istəyirik. Hazırda təklif var. Rayonlara da səfər edəcəyik".
Murad Dadaşov "MGP" komandası ilə birgə artıq beynəlxalq layihələri Azərbaycana gətirmək istəyir. Deyir ki, layihələri həyata keçirmək üçün peşəkar komanda var, lisenziyanı da almaq olar, amma televiziyalarımızın imkanları təəssüf ki, istənilən səviyyədə deyil: "Reklam büdcələri imkan vermir ki, o layihələr alınsın. Məncə, dövlət qarışmasa, bu iş düzəlməyəcək. Eyni zamanda kanalların çox olması bizə heç nə vermir. Eyni təsvirlər, eyni qonaqlar, eyni mövzular... Bəlkə də çərçivələri sındırıb, bəzi kanalları birləşdirmək lazımdır. Onsuz da reklam bazarı 2-3 kanal arasında bölünüb. Radikal addımlara ehtiyac yoxdur, sadəcə, biznes nöqteyi-nəzərdən yanaşmaq lazımdır".