Salyanda güzəştli kreditlər hesabına aqropark yaradılır İqtisadiyyat

Salyanda güzəştli kreditlər hesabına aqropark yaradılır

Fevralın 16-da Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forum keçirilib. Nazirlikdən verilən məlumata görə, işgüzar forumda sahibkarlara fond tərəfindən Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 mln. manat güzəştli kredit verilib.
Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 mln. manat güzəştli kredit ayrılıb. Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 343 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda və istixana kompleksində aparılan işlərə baxış keçirilib.
Qeyd edək ki, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 mln. manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Salyan rayonunda yaradılır. 3000 hektar ərazidə iri fermer təsərrüfatının və 2000 başlıq ətlik istiqamətli cins heyvandarlıq kompleksinin daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.