Mənşə ekspertizalarının mahiyyəti müzakirə olunub İqtisadiyyat

Mənşə ekspertizalarının mahiyyəti müzakirə olunub

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə dekabrın 7-də İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi "Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirib. İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov bu sahədə qanunvericilik bazası, ixrac prosedurları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişlənməsinin nəticəsidir ki, ötən illə müqayisədə bu ilin ötən dövründə mənşə ekspertizaları üzrə müraciətlərin sayında 30 faizə yaxın artım olub.
Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verib. Tədbirdə, həmçinin mövzu üzrə təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici materiallar və yaddaş kitabçaları paylanıb. Qeyd edək ki, ixracatçıların maarifləndirilməsi məqsədilə mərkəz tərəfindən hər ay keçirilən "Açıq qapı günləri" çərçivəsində Aran iqtisadi rayonu üzrə Yevlax, Gəncə-Qazax iqtisadi rayonu üzrə Gəncə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə Şəki, Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz, Abşeron iqtisadi rayonu üzrə Sumqayıt, Lənkəran iqtisadi rayonu üzrə Cəlilabadda seminarlar keçirilib. Bu cür tədbirlərin keçirilməsi davam etdiriləcək.