Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə üç illik strategiya hazırlayır İqtisadiyyat

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə üç illik strategiya hazırlayır

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə, o cümlədən QDTİB ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini qeyd edib. O bildirib ki, QDTİB Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və ölkəmizdə bir sıra layihələri maliyyələşdirib. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev son 10 ildə ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini bildirib, qeyri-neft sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb. QDTİB-in 2015-2018-ci illər üzrə strategiyasında ölkəmizdəki fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından Azərbaycanın inkişaf prioritetlərinin nəzərə alması məqsədəuyğundur. Ş. Mustafayev 2015-ci il üçün Azərbaycan iqtisadiyyatına dair proqnozları bank nümayəndələrinin diqqətinə çatdırıb, sənaye, İKT, kənd təsərrüfatı, aqroparkların yaradılması, məişət tullantılarının təkrar emalı və sənaye parkları sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib. QDTİB-in prezidenti İ. Delikanlı təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb. İ. Delikanlı QDTİB-in Azərbaycanın inkişafında əhəmiyyətli olan layihələri dəstəklədiyini, hazırda daha iki layihəyə kredit ayrılması məsələsinin nəzərdən keçirildiyini bildirib. Görüşdə QDTİB-lə əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılıb.