Azay Quliyev BMT rəsmisi ilə görüşüb Siyasət

Azay Quliyev BMT rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Furio De Angelis ilə görüş keçirilib.
Şura sədri, deputat Azay Quliyev hökumətin xarici donorların qrantvermə qaydalarının sadələşdirilməsi istiqamətində həyata keçirdiyi son işlərlə bağlı qonağa ətraflı məlumat verib. Azay Quliyev qeyd edib ki, Azərbaycanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq 2017-ci il yanvarın 1-dən "bir pəncərə" prinsipi ilə həyata keçiriləcək.
Fərmana əsasən yeni qaydalara uyğun olaraq Azərbaycan ərazisində qrantvermə hüququnu əldə etməyən xarici donorlarla qrant sazişlərinin bağlanması qadağası aradan qaldırılıb və donor qeydiyyatı ilə qrantın qeydiyyatı vahid prosesdə birləşdirilib. Eyni zamanda "bir pəncərə" prinsipinin tətbiqindən sonra donorun qeydiyyat sənədlərinin notarial qaydasında təsdiq olunmuş tərcüməsinə də ehtiyac yoxdur.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Furio De Angelis bildirib ki, təmsil etdiyi təşkilat xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqini yüksək qiymətləndirir və bunu vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm addım hesab edir.
Görüşdə Azərbaycan QHT-ləri ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.