“Mülki əhaliyə qarşı silah işlətmək yalnız faşizm ideologiyasına məxsus addımdır” Siyasət

“Mülki əhaliyə qarşı silah işlətmək yalnız faşizm ideologiyasına məxsus addımdır”

"İyulun 4-də Ermənistanın Füzulinin Alxanlı kəndində həyata keçirdiyi təxribat erməni vəhşiliyini sübuta yetirən minlərlə faktlardan biri idi. 2 yaşlı körpəyə, ümumiyyətlə mülki əhaliyə qarşı silah işlətmək, ağır toplardan istifadə etməklə kütləvi qırğın törətmək yalnız faşizm ideologiyasına məxsus addımdır". Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib. Ermənistanın terrorçu dövlət olduğunu deyən deputat söyləyib ki, əgər düşmən ölkənin başında duranlar insanların, mülki əhalinin qanı üzərindən Qarabağ kartı adı ilə hakimiyyətə gəlibsə, təbii ki, onlar əməllərindən heç zaman çəkinməyəcəklər: "Buna görə də bu gün Ermənistan rəhbərliyində olan cinayətkar rejim bütövlükdə ölkəni terrorçu bir dövlətə çevirib".
Ç. Qənizadə qeyd edib ki, dünya dövlətləri 4 iyul hadisələrindən sonra bir neçə gün sussa da, sonradan çoxsaylı parlamentarilər, konqresmenlər, dünya siyasətçiləri, politoloqlar, eləcə də aparıcı mətbuat orqanlarının bu məsələdə Ermənistanı qınayan fikir və yazılarının şahidi olduq: "Bizim xarici diplomatiyamız, ölkə prezidentinin və digər qurumların apardığı işin nəticəsidir ki, artıq dünya dövlətləri, müxtəlif qurumlar belə hadisələrə laqeyd qala bilmirlər. Mövqe açıqlayanlar Ermənistanın bu vəhşiliyini tam açıq ifadə etməsələr də, ilk dəfə susmamağa üstünlük verdilər".
Deputat hesab edir ki, əgər Rusiya Dağlıq Qarabağ məsələsinin həllində öz rolunu artırmasa, müharibə qaçılmazdır: "Rusiya Ermənistanı masa arxasında oturmağa və indiyədək əldə olunan razılaşma əsasında Azərbaycanın təklif etdiyi formatda, məsələnin sülh yolu ilə həllinə nail olmağa məcbur etməlidir. ATƏT-in Minsk qrupu sadəcə formal bir qurumdur və baxmayaraq ki burada ABŞ, Fransa və Rusiya nümayəndələri təmsil olunur, onlar heç nəyi həll etmirlər. Bu məsələlərin arxasında yalnız Rusiya dayanır və qonşu ölkə münaqişənin həllində səylərini artırmalıdır".