“Avrasiya İttifaqına ehtiyac qalmayacaq” Siyasət

“Avrasiya İttifaqına ehtiyac qalmayacaq”

Elxan Həsənli: "Ukrayna ilə Rusiya münasibətlərində dərin bir uçurum yaranıb və bu uçurum parlament seçkilərindən sonra daha da dərinləşəcək"

Ukrayna üçün yeni dövr başlayır. Dövlət quruculuğunda Avropa dəyərlərinə, idarəcilik prinsiplərinə üstünlük veriləcək. Bu fikirləri BayMedia-ya İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli deyib. Onun qənaətinə görə, seçkinin nəticələri deməyə əsas verir ki, Ukrayna bundan sonra tam olaraq, Avropaya inteqrasiya yolu tutacaq: "Yeni hökumət Avropa yönümlüdür və bu seçkilərlə qismən legitimlik qazandı. Rusiya yönümlü qüvvələrin də tədricən qərbyönümlü siyasətə üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Artıq Ukrayna ilə Rusiya münasibətlərində dərin bir uçurum yaranıb və bu uçurum parlament seçkilərindən sonra daha da dərinləşəcək. Yeni hökumət yalnız qərbin tam dəstəyini qazanarsa, yaranmış vəziyyətdən çıxa bilər".
Politoloq hesab edir ki, Rusiya bu seçkilərdən sonra Ukraynanı həmişəlik itirməklə yanaşı, Avrasiya İttifaqı layihəsini də bir labirintə sürükləyib: "İndi bu labirintdən çıxmaq üçün müəyyən addımlar atır. Seçkilərin tanınması da buna xidmət edir. Çox güman ki, Kreml separatçılardan Ukraynanı Avrasiya İttifaqına cəlb etmək üçün bundan sonra da istifadə edəcək. Ancaq Kremlin Ukrayna siyasətinin iflasa uğradığı qətidir. Qərb ölkələri Ukrayna vasitəsilə digər postsovet ölkələrində də möhkəmlənməyə çalışacaqlar. Rusiyanın sıxışdırılması üçün Ukrayna yeni imkanlar açır. Rusiyadan çıxarılan xarici kapitalın Ukraynaya yönləndirilməsi istiqamətində danışıqlar gedir. Bundan sonra Ukraynanın Avrasiya İttifaqına qoşulmasına ehtiyac qalmayacaq".
Elxan Həsənli açıqlamasında separatçılara qarşı həyata keçirilən əməliyyatların effektivliyindən də söz açıb: "Ukrayna ordusu yenidən qurulur. Separatizmlə mübarizə bu yenidenqurma prosesinin müddətindən və effektindən asılıdır. Ordu və yerli icra orqanlarının separatçı ünsürlərdən təmizlənməsi həm vaxt, həm də yeni qüvvə tələb edir. Ukrayna Avropa Birliyinə daxil olarsa, separatizmə meylli əhali Moskvadan üz çevirə bilər. Çünki Avropa Birliyinin üzvü olan Ukrayna vətəndaşları Avropa ölkələrinə vizası səfər edə və işləyə bilərlər. Pribaltika ölkələrini Rusiyanın caynağından məhz bu yolla çıxarıblar. İş yerlərinin açılması ilə yanaşı Avropa strukturlarının Ukrayna iqtisadiyyatına investisiya qoyulması məhz ölkənin Avropa Birliyinə qəbul olunmasından sonra mümkündür. Bu, baş verərsə, Rusiyameylli əhali Moskvadan üz çevirəcək. Qeyd etdiyimiz amil separatizmin kökünü kəsmək üçün bu, əsas şərtdir".