“Xəzərin dibi sektoral bölünəcək” Siyasət

“Xəzərin dibi sektoral bölünəcək”

Xələf Xələfov: "Konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir"

"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".
Bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.
"Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir", - deyə nazir müavini vurğulayıb.
Xələf Xələfov qeyd edib ki, konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir: "Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür: "Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırlacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq".
Xələf Xələfovun sözlərinə görə, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür: "Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq".
Xələf Xələfov bildirib ki, delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil: "Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", - deyə nazir müavini bildirib.