Ermənistanda milli azlıqlar sıxışdırılır Siyasət

Ermənistanda milli azlıqlar sıxışdırılır

Yezidi gənc Ermənistanda girov vəziyyətinə düşüb.
Milliyətcə yezidi 31 yaşlı Alik Hasanyan, 7 yaşından Ermənistanda yaşamayıb. Onun sözlərinə görə, bu müddət ərzində Rusiyada, Almaniyada qaçqın kimi yaşayıb.
O, 3 ildir şəxsiyyət vəsiqəsi almaq üçün dövlət qurumlarının qapılarında qalıb. Vaxtilə yaşadığı Aştarak ərazi şəxsiyyət vəsiqəsi xidmətindən bildiriblər ki, hərbi komissarlıqda qeydiyyatda olmadığına görə, ona sənəd verə bilməzlər.
Komissarlıqdan isə hərbi xidmətdən yayındığına və 27 yaşı keçdiyinə görə, 3 milyon 600 min dram cərimə ödəməli olduğunu tələb edirlər. 2015-ci ilədək Ermənistanda hərbi xidmətdən yayınlar 1 milyon 800 min dram ödəyirdisə, keçən il sonu qəbul edilən qərara görə bu rəqəm 2 dəfə artırılıb. Beləliklə yezidi gənc Ermənistandakı bütün hüquqlarından mərhum olub və istənilən vaxt hərbi xidmətdən yayındığına görə həbs edilə bilər.
Alik Hasanyan deyir ki, Eçmiədzin yaxınlığındakı Tsiatsan kəndində doğulub. Atası Abuzət Hasanyan 1993-cu ildə ailəsini də götürərək Rusiyaya gedib. 7-8 yaşında olarkən Ermənistanı tərk edib və geri qayıtdıqda əvvəl Aştarak, sonra Abovyan şəhərlərində kirayə yaşayıb.
Onu Abovyan şəhər hərbi komissarlığından çağıraraq, hərbi xidmətdən yayındığı dövr üçün 3 milyon 600 min dram cərimə ödənilməsini tələb ediblər. Komissarlığın belə bir hüququnun olub-olmadığına dair, insan hüquqları naminə jurnalistlərin qeyri-hökümət təşkilatının vəkili münasibət bildirib.
Onun sözlərinə görə, Alik Hasanyan Ermənistan vətəndaşı hesab edilmir, Abovyan şəhər komissarlığında qeydiyyatı yoxdur. Ordudan yayınma və cərimə ödənilməsi Ermənistan vətəndaşlarına şamil edilir, Alik Hasanyanın isə hələ vətəndaşlıq sənədi yoxdur. Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan isə komissarlığın pul tələb etməsinə şübhə ilə yanaşdığını bildirib.
Abovyan komissarlığından isə onu təkrar çağıraraq, verdiyi məlumatları təkrar yoxlamağa başlayıblar.
Məlum olub ki, onun Rusiyada müvəqqəti yaşama hüququ olub, 2010-cü ildə Almaniyaya gedib. 2015-ci ilin 24 sentyabr tarixində Almaniyadan Ermənistana deportasiya edilib. Almaniyada qaçqın statusu olsa da, Ermənistanda müharibə olmadığını əsas götürən alman höküməti onu deportasiya edib.
Bununla bağlı Ermənistan miqrasiya xidmətindən bildiriblər ki, onun qaçqın statusu olduğu şübhə doğurur. Adətən qaçqın statusu olmayanlar deportasiya edilir.
Ermənistanın qaçqınlar komitəsi isə bildirib ki, onun geri Ermənistana qaytarılması üçün hardasa qeydiyyatı aparılıb və hər hansı bir sənəd təqdim edilib.
Ancaq Alik Hasanyan iddia edir ki, heç bir qanun pozuntusu yoxdur. Təhlükəsizlik xidmətinə və Zvartnots hava limanına müraciət etsə də heç biri, ona hər hansı sənəd təqdim etməyib. Onun əlində yalnız doğum kağızı var. Ermənicə pis danışan yezidi İrəvanı tanımır. Krasnodara anasının yanına getmək istəyən Alik hazırda Ermənistanda girov halına düşüb.
Hazırda məsələ ilə bağlı insan hüquqları müdafiəsi təşkilatına müraciət edilib.