“Biz ancaq özümüzə bağlı olanda güclüyük” Siyasət

“Biz ancaq özümüzə bağlı olanda güclüyük”

Yerindən qalxan bir internet televiziyası açır və "gəlin Azərbaycanı söyək" deyir.
Bu sözləri Avropa Azərbaycanlılarının Amsterdamda keçirilən toplantısında sabiq millət vəkili, şair Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı qurultaydakı çıxışını xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövlətinə, dəyərlərinə qarşı apardığı çirkin mübarizəyə həsr edib. Çıxışçı bildirib ki, bəziləri miqrant statusu almaq üçün özünü cinsi azlığın nümayəndəsi kimi təqdim edir və ya erməni soyadı qəbul edərək, yalan danışırlar. Bundan sonra isə onlar Azərbaycana qarşı hədyanlar yağdırmağa başlayırlar: "Min hoqqadan çıxırsan və gedib düşürsən bu ölkəyə. O haqqı verirlər və sən yaşayırsan orda. Axı sənin kökün var, dədələrin var, onların qəbri var. Ora sənin torpağındır. Bizim pis olmağımız sənə nə verə bilər? Yaxşı, biz pis olaq, dünya bizi söysün, əzsin, erməninin qabağında diz çökdürsün, Qarabağı da verək. Sən nə qazanacaqsan bundan? Bax, mən bu suala cavab tapa bilmirəm. Ona görə hesab edirəm ki, Azərbaycan diasporu bu cür adamlarla ciddi mübarizə aparmalıdır".
"Heç kimin söz demək haqqını əlindən almaq olmaz" deyən Sabir Rüstəmxanlının sözlərinə görə, insanlar televiziya açıb, sözünü deməlidir. Amma o, dünya azərbaycanlıları üçün bir milli televiziyanın olmamasını qüsur kimi qabardıb: "Cavd Derəxti zamanında bunu etməyə çalışdı. Halbuki indi hər yerindən qalxan bir internet televiziyası açır və "gəlin Azərbaycanı söyək" deyir. Bu, siyasi mədəniyyətin azlığı, cahiılik, vətəndaş qeyrətinin olmamasıdır. Mənim də Azərbaycan iqtidarı ilə problemim ola bilər. Amma mən heç vaxt dilimə bir əxlaqsız söz gətirib, öz hökumətimlə, dövlətimlə, millətimlə bağlı söz deyib, erməninin əlinə dəstəvuz vermərəm. İçimizdə nə qədər xain var. Diasporanın bir işi də onlarla mübarizə aparmaqdır".
Sabir Rüstəmxanlı indi millət olaraq dərdlərimizin də çox olduğunu vurğuladı. O dedi ki, hazırda hamımız dünyanın hər yerinə didərgin düşmüşük, problemlərimiz çoxdur və dünya üstümüzə gəlir: "Avropa ikiüzlüdür. İkili standartlarla hərəkət edirlər. Bunun qabağında sən millət kimi bütöv olmasan mümkün deyil. Bizim bu şəraitdə birlik olmaqdan, mübarizə aparmaqdan başqa yolumuz yoxdur. Bu şəraitdə mübarizə aparaq. İstəyir cəhənnəmdə yaşasın, Azərbaycandan çıxıb, azərbaycançılıqdan çıxmayıb ki? Siz müxtəlif yerlərdən bura gəlmisiz. Amma bizim kökümüz birdir. Kökümüz sağlam olmasa, ordan qopan bir budaq başqa bir ağacın budağına yamaq ola bilməz. Biz ancaq özümüzə bağlı olanda güclüyük".