“Generalların Bakı görüşü müharibə riskinin qarşısını almaq məqsədi daşıyır“ Siyasət

“Generalların Bakı görüşü müharibə riskinin qarşısını almaq məqsədi daşıyır“

"Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişi meydançadır. Burada Azərbaycanın güclu silahlı qüvvələrinin olması da rol oynayır".
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında keçirilən görüşü şərh edərkən bildirib.
Ekspert deyib ki, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: "O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, danışıqlarda əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərində mövcud olan ümumi gərginlikdir. Hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və üçüncü dünya müharibəsinin yaranması riskinin qarşısını almaq məqsədi daşıyır".
İqor Korotçenkonun qənaətinə görə, Brüsselin günahı ucbatından Rusiya-NATO Şurasının fəaliyyəti bloklanıb. Orada Rusiya və NATO arasında dialoq mümkün deyil".
TASS agentliyinin hərbi şərhçisi Viktor Litovkin isə qeyd edib ki, Rusiya və NATO generalları ilk dəfə deyil Bakıda görüşürlər: "Generalların Bakıda görüşməsinin əsas səbəbi məncə Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. Bu, birinci səbəbdir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır".