“Ermənistan Rusiya üçün tam ifşa olunmuş vəziyyətdədir” Siyasət

“Ermənistan Rusiya üçün tam ifşa olunmuş vəziyyətdədir”

Mübariz Əhmədoğlu: "Paşinyan Ermənistanı üçün Rusiya heç kimlə müharibə etməyəcək"

"Gürcüstanın Ermənistana münasibətində maraqlı proseslər baş verir. Uzun müddət Ermənistan Cavaxetiyadakı ermənilər vasitəsi ilə Gürcüstanı hədələyirdi. Gürcüstanın adı ilə bir sıra beynəlxalq maliyyə fondlarından özü üçün yardımlar ala bilmişdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, "Minilliyin Çağırışı" Proqramının Gürcüstana ayırdığı vəsaitin çoxu da Ermənistana və ermənilərin maraqlarına xərclənmişdi: "Bir qrup ABŞ konqresmeni Cavaxetiya regionu az qala müstəqil kimi təqdim edirdi. Reallıq isə əksinə idi. Nəqliyyat-kommunikasiya məsələlərinə görə Ermənistan Gürcüstandan asılı olmalı idi. Amma Ermənistanın havadarları ilə birlikdə apardığı siyasət Gürcüstanın üstünlüyünü Ermənistanın xeyrinə olan faktora çevirmişdi. Bu işdə Gürcüstanın daxilində bir qrup ermənipərəstlərlə yanaşı Rusiya faktoru da rol oynamışdı. Ermənistan öz ərazisindəki Rusiya hərbi bazası ilə vaxtaşırı Gürcüstanı hədələyirdi. İndi artıq vəziyyət dəyişib. Rusiya Gürcüstanla münasibətləri gərginləşdirməkdən qaçır. Yalnız optimist parametrlərlə işləyir. Ermənistan isə Rusiya üçün tam ifşa olunmuş vəziyyətdədir. Paşinyan Ermənistanı üçün Rusiya heç kimlə müharibə etməyəcək. Eləcə də Paşinyan Ermənistanı ilə birlikdə Rusiya heç bir dövlətə qarşı müharibədə iştirak etməyəcək. Gürcüstanda bunu başa düşüblər.
Gürcüstan-Ermənistan münasibətlərinin tarixindən bəllidir ki, ermənilər bu regionda heç vaxt müstəqil siyasət apara bilməyiblər. Bəlkə də regionda avtoxton olmadığı üçün erməni xalqı müstəqil siyasət qura bilmir. Tbilisinin yaranmış vəziyyətdən istifadə etməsi çox düzgündür və indiki halda təkcə Gürcüstanın deyil, həm də regionun xeyrinədir. Söhbət Gürcüstanın Ermənistanı öz idarəçiliyinə salmasından gedir. Ermənistan gec-tez hansısa qonşu dövlətlərdən birinin tərkibinə daxil olacaq. Gürcüstanın Ermənistanı himayəliyə götürməsi erməni dövlətçiliyinin mövcud olma variantlarından biridir. Məhz ona görə Yuxarı Larsda yük maşınlarının hərəkəti üçün elektron növbə təqdim etdi. Ermənilər bundan istifadə edə bilmədilər. İndi Gürcüstan bu istiqamətdə əlavə tədbirlər üzərində düşünür. Öz ərazisində avtomobil yolundakı tıxacı azaltmaq məqsədilə avtomaşınlar vasitəsilə un və taxıl məhsullarının daşınmasına məhdudiyyət qoydu. Dəmir yolu vasitəsilə un və taxıl yüklərinin daşınmasına güzəşt elan etdi. Rəsmi Tbilisinin Ermənistanla əlaqəli məsələləri belə aktuallıqda saxlaması çox vacibdir. Nəhayət ki, Ermənistan özü də başa düşəcək ki, dövlətçiliyini qorumaq üçün Gürcüstanın himayəsinə keçməsi daha sərfəli variantdır".