Diaspor sədri Misirin dövlət televiziyasında Azərbaycandan danışıb Siyasət

Diaspor sədri Misirin dövlət televiziyasında Azərbaycandan danışıb

"Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu "Nil Mədəniyyət" dövlət televiziya kanalının "Mənim gecəm" proqramının qonağı olub.
Qəzetimizə açıqlama verən S. Nəsirov Ulu öndər H.Əliyevin Azərbaycançılıq siyasətindən və bütün dünya Azərbaycanlıların həmrəy olunması üçün apardığı nümünəvi siyasətindən söhbət açdığını deyib.
O, hər il 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd etdiklərini də nəzərə çatdırıb. Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən söhbət açaraq bildirib ki, Misirdə Azərbaycan diasporu uzun illərdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atıb. O, eyni zamanda Misir xalqına uzun illərdən bəri könüllü şəkildə sosial xidmətlər etdiyini də qeyd edib. Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Koroğlu dastanında keçən Misri qılıncdan və Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olması hətta Misir adında azərbaycanlıların olmasından da bəhs edib və bu məlumat qarşı tərəfin marağına səbəb olub. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Birliyin sədri, Azərbaycanın tarixən böyük bir ərazini əhatə etdiyini vurğulayaraq, əfsuslar olsun ki, hal-hazırda bu torpaqlardan sadəcə 86,6 min m2 müstəqil azərbaycan dövlətinin ərazisi sayılır və bütün dünya dövlətləri tərəfindən də qəbul olunub. Qonşu ölkələrin işğalı səbəbindən dünyada yaşayan 50 milyon azərbaycanlının sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin rəsmi vətəndaşıdır. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib. S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirib.
Qeyd edək ki, hazırda Qahirədəki diaspora mərkəzimizdə dünyanın 17 ölkəsindən olan 150 dən çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur. Birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətlərə 15 il öncə başladığını və bundan sonra da davam etdirəcəyinə çalışacağını qeyd edib. S.Nəsirov bu kimi fəaliyyətlər xalqlarımız arasında dostluq əlaqələrin daha da inkişaf etdirəcəyini bildirib. S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Verliş 45 qəqiqədən çox davam edib.